Rusiya və ABŞ nümayəndə heyətləri arasında İstanbulda keçirilən danışıqlar “əsaslı və işgüzar şəraitdə” aparılıb.
Senzor.az bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin danışıqlarla bağlı rəsmi açıqlamasında belə deyilir.
Tərəflərin diplomatik nümayəndəliklərin maneəsiz maliyyələşdirilməsini və diplomatların işləməsi üçün şəraitin yaradılmasını müzakirə etdikləri bildirilir.
Danışıqlarda, həmçinin 2016-2018-ci illər arasında müsadirə edilmiş altı mülkün Rusiyaya qaytarılması kontekstində Rusiyanın ABŞ-dakı diplomatik mülkiyyəti ilə bağlı məsələlərə də toxunulub. Bundan əlavə, Moskva ABŞ-ı birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirməyə dəvət edib.
Qeyd edək ki, dünən ABŞ-ın Arnavutköy bölgəsindəki Baş konsulunun iqamətgahında keçirilən və 6,5 saat davam edən danışıqlarda ABŞ-ı dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter təmsil edib. Rusiya tərəfdən məsləhətləşmələrə Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru, Moskvanın Vaşinqtondakı səfiri vəzifəsinə əsas namizəd Aleksandr Darçiyev də qatılıb.