Xalq artisti Elmira Rəhimovanın ifa etdiyi “İntizar” mahnısının erməni ifaçı Artaş Asatryan tərəfindən, xalq artisti Brilyant Dadaşovanın ifa etdiyi “Yeni il mahnısı”nın isə erməni ifaçıTiqran Asatryan tərəfindən mənimsənilməsi aradan qaldırılıb.
Publika.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
Bildirilib ki, xalq artisti Elmira Rəhimovanın ifa etdiyi “İntizar” mahnısının musiqisi bəstəkar Nüşabə Muradovaya, sözləri Südabə Şəfaya məxsusdur. Mahnı ilk dəfə 1979-cu ildə ifa edilib. Mahnının musiqi müəllifi N.Muradovanın müraciətinə əsasən “İntizar” mahnısı Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib və “Əsərin qeydiyyatı haqqında Şəhadətnamə” verilib.
Özünü “İntizar” mahnısının söz və musiqi müəllifi kimi qeyd edən erməni Artaş Asatryan onu “Ter Hisus Ari” adı ilə ifa edib və Yutub səhifəsində yerləşdirib. Bununla da erməni ifaçı Artaş Asatryan tərəfindən mahnının azərbaycanlı müəllifləri N.Muradova və S.Şəfanın şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları pozulub.
Xalq artisti Brilyant Dadaşovanın ifa etdiyi “Yeni il mahnısı”nın musiqisi isə bəstəkar Gülər Həsənovaya, sözləri şair Baba Vəziroğluna məxsusdur. Mahnı ilk dəfə 1999-cu ildə ifa edilmişdir. Mahnının musiqi müəllifi G.Həsənovanın müraciətinə əsasən “Yeni il mahnısı” 2001-ci ildə Əqli Mülkiyyət Agentliyində (o zamankı Müəllif Hüquqları Agentliyi) qeydiyyatdan keçirilib və “Əsərin qeydiyyatı haqqında Şəhadətnamə” verilib.