RU

Şənbə üçün nəzm

İki sevgi

Gözəl qız, sən saf susan,

İki qəlb arzususan.

Mən səni sevirəm

Susuzluğun od vurub

köz kimi yandırdığı

dodaq su sevən kimi.

O isə səni sevir

rahatca bardaş qurub,

- Kabab üstdən sərin

su pis olmaz - deyən kimi

Gözəl qız, sən işıqsan,

Yurduma yaraşıqsan.

Mənsə səni sevirəm

iynənin ucu boyda

İşığa həsrət qalan göz

işıq sevən kimi

O isə səni sevir

Bir şən mağarda, toyda,

İşıqlardan yaranmış

yaraşıq sevən kimi.

Danış, ucalsın səsin,

Qısılmasın nəfəsin.

Mən ki səni sevirəm

Bakıdan, Daşkəsəndən

Gələn bir səda kimi,

Səs kimi,

Qüdrət kimi

O isə səni sevir,

Gizli deyil ki səndən,

Bir otaq küncündəki

qəmli sükunət kimi.

Bu mən, bu o, bu da sən,

De görək nə deyirsən!

Amma yaxşı fikir ver

bu iki məhəbbətə.

Daha heç nə demirəm

Nöqtə, nöqtə və nöqtə.

Atamın xatirəsi

O sərt idi. Səhər dərsə

tələsəndə mən

Bildirməzdi yolda

durub boylandığını.

Bircə dəfə söz açmazdı

qəlbindəkindən,

Söyləməzdi övlad

üçün çox yandığını.

Gizli-gizli məni süzüb

gülərdi bəzən

Durub-durub güc gələrdi

əyri qəlyana.

Övladına bircə dəfə

“can” söyləməkdən

Övlad üçün can verməyi

daha asandı ona.

Əməksevər. ağır, enli,

cod əli vardı,

Tale kimi endirərdi

çiynimə hərdən

Sərt üzünə bircə

anlıq səhər doğardı

Bilməzdim ki, hansı

nurlu düşüncələrdən.

Sevgisi də soyuq idi - təzə əkini

Hər bəladan hifz

eləyən qar kimi.

Moskvada oxuyurdum,

Tərk etdi məni.

Gələn kimi bir

əbədi ayrılıq dəmi

Gah istəyib məni görə.

Gah deyib ki mən

Qoy bilməyim

O utanıb öz ölümündən

Ah, o niyə belə etdi,

bu nə qubardı?

Nə zamansa bu

nişanda bir atam vardı.

***

Bəzən haqq qazanır

insan öləndə,

Hətta unudulur ağır günahı

Hamıya dərd olur cavan getməyi,

Oduqca az görüb, az yaşamağı...

Deyirlər:”bilsəydik, ayıq olardıq

Onu qoyardıqmı

heç gözdən iraq?

Hər bir dərdinə də çarə tapardıq,

Nə bilək, o belə az yaşayacaq?”

Eh! Bu gün nə qədər

xəyala daldım,

Eh! Qəlbim nə qədər

alışdı, dindi.

Sən mənim qədrimi biləsən deyə

Bu cavan yaşımda ölümmü indi?

Nə xoşbəxt imişəm bir zaman Allah

Nə xoşbəxt imişəm bir zaman, Allah,

Xəbərim olmayıb bu səadətdən.

Nə xoşbəxt imişəm,

nə xoşbəxt,

xoşbəxt!

Bu gün eşitmişəm

bunu həsrətdən.

Niyə yazmamışam

o zaman, Allah,

Əlimə qələm də gəlməyir indi.

De, niyə aradan küləklər əsir?

Aramız, de, niyə belə sərindir?

İçdiyim o su da səadət imiş,

İşə getməyim də, qayıtmağım da.

Ona baxmağım

da xoşbəxtlik imiş,

Onu yuxusundan ayıltmağım da.

Dünya başdan-başa səadət imiş,

Mənsə bu dünyanın

qoynundayammış,

Dünya fırlanırmış

sevinc gücüylə,

Bəs indi nə olub belə dayanmış?

Göylər səadətin çətiri imiş,

Torpaq da səadət məhvəri imiş.

Gecələr toranlı vüsal məskəni,

Hər səhər,

ruhumun səhəri imiş.

Dilin quruyaydı sənin, ay həsrət,

Sən bu gün könlümü

tarımar etdin.

Ya bunu vaxtında

deyəydin mənə,

Ya da ki lal olub heç dinməyəydin.

Dünya başdan-başa səadət imiş,

Görəsən, heç bir də olarmı yenə?

Dünya başdan-başa

nə imiş dedin?

Dünya başdan-başa

nə imiş, de nə?

Əli Kərim

Избранный
77
yeniazerbaycan.com

1Источники