RU

Müzakirələrə səbəb olan film artıq kinoteatrlarda - FOTO/VİDEO

Azərbaycanda psixoloji melodram janrında çəkilmiş “Spinozanın Tanrısı” filmi tamaşaçıların ixtiyarına verilib. 

“Qafqazinfo” xəbər verir ki, ötən gün Nizami Kino Mərkəzində təqdimat mərasimi keçirilən ekran işi böyük maraq və anşlaqla qarşılanıb. 

Bir gəncin həyatından bəhs edən sevgi romanının sloqanı da maraqlıdır - “Belə hekayəm olmasaydı, kaş”.

Rejissoru Cavid Təvəkkül, ssenari müəllifi və prodüseri Rəsul Allahverdiyev olan “Spinozanın Tanrısı” “Pelican Film” Prodakşn tərəfindən istehsal olunub. 

Uzun fasilədən sonra bu filmlə kino dünyasına qayıdan rejissor Cavid Təvəkkül yaxşı bir iş ortaya qoymaq üçün çalışdıqlarını bildirib: “Uzun fasilədən, uzun illərdən sonra təkrar kino ətrafında toplaşmaq və sizinlə görüşmək çox xoşdur. Ümid edirəm baxacaqsınız, bəyənəcəksiniz. Biz yaxşı bir film ortaya qoymağa çalışmışıq. Qiyməti sizlər verəcəksiniz”.

Təqdimat mərasimində çıxış edən Rəsul Allahverdiyev filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib: “Bu filmə ruh verən, öz duyğularını verən bütün yaradıcı heyətə dərin təşəkkürümü bildirirəm. Bu mənim debütüm olduğuna görə, əlbəttə, öyrənərək irəliləyirəm. İlk öyrəndiyim şeylərdən biri o idi ki, bu sənətdə texnika vacibdir. Mütəxəssislər bunu daha yaxşı bilir. Gülməyin, ağlamağın, yıxılmağın, durmağın – hamısının texnikası var. Amma, mən bildiyimə görə, hisslərin, duyğuların texnikası yoxdur. Ona görə də, mən filmə hissini, duyğusunu qatan və bunlarla iddialı bir film ərsəyə gətirən bütün heyətə təşəkkür edirəm. Ümid edirəm ki, siz də bu film haqqında yaxşı qənaət sahibi olacaqsınız”.