"Türk futbolunu, türk hakimini, türk insanını aşağılayan Joze Mourinyonun hörmətsizliklərinə dəstək verən rəqibimizin əvəzinə biz utanırıq".
Offsideplus.az xəbər verir ki, bu sözlər İstanbulun "Qalatasaray" klubunun bu gün yayımladığı bəyanatda deyilir.
"Cim Bom"un "Fənərbağça"ya qarşı fevralın 24-də keçirdiyi derbidən sonra atmacalar, tənqidlər, bəyanatlar səngimək bilmir. Bugünkü bəyanatın mövzusu həm "Fənərbağça"ya, həm də Türkiyə Futbol Federasiyasının (TFF) rəsmilərinə ünvanlanıb.
"Bu yaşananlar qalib gəlmək üçün hansı dəyərlərdən vaz keçməyə hazır olduğunu göstərdi. Klubumuz qanunsuz və özbaşınalıqla məşğul olan TFF prezidenti və qanuna zidd formalaşan Arbitraj Şurasının üzvlərinə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işi qaldırılmasını tələb edəcək", - deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, "Qalatasaray"la matçdan sonra "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo rəiqibin çalışdırıcısı Okan Buruku "meymun" adlandırmışdı. Həmçinin portuqaliyalı mütəxəssis oyunun 4-cü hakimi olan türkyəli ədalət təmsilçisinə yaxınlaşaraq, ona aşağılayıcı sözlər demişdi.