Meksikanın “Leon” klubunun uruqvaylı dayaq yarımmüdafiəçisi Nikolas Fonseka “Asteklər ölkəsi”ndə oğurlanıb.
Arena.az bu barədə “El Pais” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, adam oğruları 26 yaşlı Niolas Fonsekanı, futbolçu “Leon”un məşqinə yollanarkən yaxalayaraq, oğurlayıblar. Bildirilir ki, silahlı cinayətkarlar futbolçunun nəqliyyat vasitəsini yolda ələ keçiriblər. Pusquya salınıb tutulmuş Fonseka iki saat ərzində adam oğrularının əsiri olub, sonra isə futbolçunu, oğurlandığı yerdən 25 km məsafədə, adamsız yerdə avtomobildən atıblar. Hazırda futbolçunun səhhəti qaydasında, həyatı isə təhlükəsizlikdədir. Başına gəlmiş qorxunc hadisəyə rəğmən, Fonseka “Leon”un qarşıdakı oyununda komandasına kömək etmək əzmindədir.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhqiqata başlayıblar. Cinayətkarların niyyəti məlum deyil, polis hələ də onların izinə düşə bilməyib.
Əlavə edək ki, Meksikada – ələlxüsus iri meqapolislərin ətrafında adam oğurluğu az qala adi haldır. Yerli cinayətkarlər dəstələr arasında bu, geniş vüsət alıb. Daha sonra isə öldürülərək eybəcər hala salınmış cinayət qurbanlarının qalıqları müxtəlif bölgələrdən, əsasən gözdən uzaq məkanlardan tapılır. Bu dəhşətli üsulla, əsasən narkotik qaçaqmalçılığı ilə məşğul mütəşəkkil cinayətkar dəstələr yerli sakinləri qorxu altında saxlamağa, polislə əlbir olmaqdan çəkindirməyə çalışırlar.
Nikolas Fonseka futbola “Milan”da qədəm, qoyub, ardınca “Novara”ya keçərək, böyük futbolda debüt edib. Fonseka karyerası ərzində Montevideo “River Pleyt”ində, “Mondevideo Uonderers” və Argentna nəhənglərindən olan “River Pleyt”də çıxış edib.
“Leon” Fonsekanı cari ilin yanvar ayında 2,14 milyon avro məbləğ müqabilində “River Pleyt”dən tamhüquqlu əsasda “zümrüdlər”in düşərgəsinə qatıb.
Fonseka “Leon” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 9 oyun keçirib.
Nikolas Fonseka 2024-cü ilin mart ayında debüt etdiyi Uruqvay yığmasının heyətində 3 oyun keçirib, məhsuldar fəaliyyəti ilə fərqlənməyib.
Nikolas Fonsekanın qənimətlər muzeyində bircə qənimət var – 2022/2023-cü illər mövsümündə “River Pleyt”lə qazandığı Argentina Super Kuboku çempionluğu.
“Transfermarkt” internet-portalı 26 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 2,7 milyon avro məbləğində qiymətləndirir.