"Bitcoin"in ("BTC") qiymətini müəyyən edən amilləri tam dəqiqliklə izah etmək həmişə çətin olub. Çünki bazarda bir-birinə zidd təsir göstərən bir çox faktor var.
Hazırda da bu vəziyyət müşahidə olunur. İnvestorlar yanvarın 20-də – kriptovalyutaların tərəfdarı Donald Trampın ABŞ prezidenti kimi vəzifəyə başlamasından sonra "BTC"nin 109 min dollardan 28% aşağı düşməsinin səbəblərini araşdırmağa çalışırlar.
Valyuta.Az "BTC"in ucuzlaşmasının əsas səbəblərini təqdim edir:
Makroiqtisadi narahatlıqlar
Son həftələr ərzində yalnız "BTC"nin deyil, ABŞ fond bazarının da dəyəri azalıb. "Nasdaq 100" indeksi fevralın 19-dakı rekord səviyyəsindən təxminən 7% geriləyib. "BTC" tez-tez "yüksək beta" aktiv kimi xarakterizə edilir. Bu o deməkdir ki, fond bazarında istiqamət dəyişəndə, ən böyük kriptovalyutanın qiyməti həmin istiqamətdə daha da kəskin hərəkət edə bilər.
Fond bazarındakı eniş və ABŞ xəzinə istiqrazlarına marağın artması, Trampın ticarət tərəfdaşlarına əlavə rüsumlar tətbiq etmək planlarının mümkün iqtisadi nəticələri ilə bağlı narahatlıqlarla əlaqələndirilir.
"Bu düşüş, Trampın tarif siyasəti və geosiyasi qeyri-müəyyənliklərlə bağlı makroiqtisadi qorxuların nəticəsi kimi qiymətləndirilə bilər", – "BTC Markets" şirkətinin baş icraçı direktoru Kerolayn Bouler bildirib.
Tarixin ən böyük haker hücumu
"BTC" və ikinci ən böyük kriptovalyuta olan etherin bu həftə bir neçə aylıq minimumlara düşməsinə fevralın 21-də "Bybit" birjasına edilən haker hücumu səbəb olub. Şimali Koreyanın "Lazarus" qrupuna aid edilən bu hücum nəticəsində birjadan 1,5 milyard dollara yaxın vəsait oğurlanıb.
Bu, kriptovalyuta tarixində ən böyük oğurluq olmaqla yanaşı, bazar iştirakçılarını da şoka salıb. Çünki hücum internetə qoşulu olmayan "soyuq cüzdanlar"a qarşı yönəlib və bu tip saxlanma üsulu təhlükəsiz hesab edilirdi.
"1,5 milyard dollarlıq bu hücum inamı sarsıtdı. Bu, olduqca böyük məbləğdir", – "Split Capital" kripto fondunun həmtəsisçisi Zahir Ebtikar bildirib. "Bəzi insanlar sadəcə gözləməyi üstün tutur."
"ETF"lərdən vəsait çıxışı
"BTC" spot birja fondlarına ("ETF") daxil olan və çıxan vəsaitlər ilə "BTC"nin qiyməti arasında əlaqə müəyyən dərəcədə qarşılıqlı təsirdən ibarətdir, çünki hər iki proses oxşar səbəblərə görə baş verə bilər.
Lakin burada bir "əks-səda effekti" də var. "BTC"nin qiyməti düşdükcə, investorlar aktivdən çıxır, nəticədə "ETF"lərdən vəsait axını başlayır. Bu isə treyderlərə qiymətin daha da azalacağı siqnalını verir və satışlar sürətlənir.
Fevral ayında "BTC"in ucuzlaşması, "Bloomberg"in məlumatına görə, yanvar 2024-cü ildə fəaliyyətə başlayan spot-Bitcoin ETF-lərində aylıq ən böyük xalis vəsait axını ilə üst-üstə düşüb. Bu fondlardan təxminən 3,3 milyard dollar çıxarılıb.
"'BTC' və digər spekulyativ aktivlərə yatırılan 'isti pul' qiymətlər enən kimi bazardan eyni sürətlə çıxır", – "Angeles Investments" şirkətinin baş investisiya direktoru Maykl Rozen qeyd edib.
‘Cash and Carry’ ticarəti
Ebtikar və digər mütəxəssislər hesab edirlər ki, kriptovalyutalarda "Cash and Carry" adlanan ticarət strategiyasının ləğvi də satış dalğasına təsir edib. Bu, ənənəvi bazarlarda "baza ticarəti" kimi tanınır və spot və fyuçers bazarları arasındakı qiymət fərqindən gəlir əldə etməyi hədəfləyir.
Əgər fyuçers bazarında qiymətlər spot bazardan yüksəkdirsə, treyderlər fyuçers müqavilələrini satıb, eyni zamanda spot "BTC" alaraq bu fərqdən qazanc əldə edə bilərlər. Lakin Çikaqo Əmtəə Birjasında ("CME") və digər platformalarda fyuçers treyderləri ehtiyatlı davranır. "K33 Research"ün fevralın 25-də yaydığı hesabatına görə, mart fyuçerslərinin illikləşdirilmiş mükafatı 5,7%-ə düşüb.
ABŞ-də "ETF"lərdən vəsait çıxışı da əsasən bu ticarət strategiyası ilə məşğul olan arbitraj fondları tərəfindən həyata keçirilib. "Risk Dimensions" şirkətinin qurucusu Mark Konors bildirib ki, "satıcılar var, amma əksər çıxışlar arbitraj imkanlarından gəlir əldə edən fondlardan qaynaqlanır."
"Tramp ticarətinin" geriləməsi
Son həftələrdə investorların Donald Trampın prezidentliyi dövründə fayda götürəcəyini düşündükləri aktivlərin qiyməti azalıb. "BTC" isə bu aktivlər arasında ən önəmlisi hesab olunurdu.
Tramp seçki kampaniyası zamanı ABŞ hökumətinin müsadirə etdiyi "BTC"lərdən başlayaraq strateji milli "BTC" ehtiyatı yaratmaq niyyətində olduğunu bildirmişdi. Onun respublikaçı müttəfiqi, Vayominq senatoru Sintiya Lummis isə hökumətin beş il ərzində 1 milyon "BTC" almağa başlamasını tələb edən qanun layihəsi təklif etmişdi. Lakin bu planlarla bağlı hələlik konkret addımlar atılmayıb və Lummisin təklifi Konqresdə geniş dəstək qazanmayıb.
Trampın kriptovalyuta sənayesini dəstəkləyən sərəncamı isə yalnız rəqəmsal aktivlərin ehtiyatlarının araşdırılmasını nəzərdə tutur və "BTC" ehtiyatının yaradılması vədindən geri qalır.
"Bazarın əsas gözləntisi icra sərəncamları ilə bağlı idi, lakin ümidlər doğrulmadı. Üstəlik, ABŞ-də inflyasiya göstəriciləri də təsirini göstərdi", – "Wincent" bazar şirkətinin baş direktoru Pol Hovard bildirib.
Lummis isə qeyd edib ki, "BTC" ehtiyatı ilə bağlı təşəbbüs gözlənildiyindən daha uzun çəkə bilər: "Məncə, federal hökumətdən əvvəl hər hansı bir ştat "BTC" ehtiyatı yaratmağa qərar verəcək."
Lakin bu perspektiv də çox ümidverici deyil. Son həftələrdə Montana, Şimali Dakota, Cənubi Dakota və Vayominq ştatlarının qanunvericiləri dövlət səviyyəsində kripto ehtiyatlarının yaradılması təkliflərini rədd ediblər. Onlar rəqəmsal aktivlərin risk və dəyişkənliyi ilə bağlı narahatlıqlarını əsas gətiriblər.
Rəhim