İtaliya A Seriyasının 27-ci turunun “İnter”lə ev oyunundakı heç-heçə (1:1) “Napoli”nin baş məşqçisi Antonio Konte üçün düşərli olub.
Arena.az məlumat verir ki, Konte baş məşqçi olaraq “İnter”ə qarşı bir oyunda belə, məğlub olmayıb.
İtalyan mütəxəssis “neradzurri” ilə həmçinin əvvəllər çalışdırdığı “Yuventus”un sükanı arxasındakı fəaliyyəti də daxil, ümumilikdə 8 dəfə qarşılaşıb, 4 qələbə və 4 heç-heçəyə müvəffəq olub.
Antonio Konte “Napoli”nin sükanı arxasına ötən ilin iyul ayından fəaliyyətə başlayıb. Neapol təmsilçisi Konte ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Napoli”, italyan mütəxəssisin qarşısına komandanı rəqabətəqadir, iddialı kollektivə çevirmək tapşırığı qoyub. 55 yaşlı əzmkar Konte isə bu yükün altına inamla çiyin verib.
Rəhbərliyi müddətində Konte “eşşəkciklər”i 30 oyuna çıxarıb, 19 qələbə, 6 heç-heçə, 5 məğlubiyyət yaşayıb. “Napoli”nin top fərqi isə 53:28 nisbətindədir.
27 turdan sonra Kontenin “eşşəkciklər”i 57 xalla İtaliya A Seriyanın yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıblar. A Seriyasına 58 xalla “İnter” başçılıq edir.