Ukrayna ilə bağlı danışıqlar prosesinin çox hissəsi ictimaiyyətdən gizlidir. Ona görə də ABŞ və Ukrayna liderləri (ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski) arasında dünənki çəkişmə əsasında hadisələrin bundan sonra necə inkişaf edəcəyi barədə nəticə çıxarmaq çətindir.
“İki sahil” ERR-ə istinadla xəbər verir ki, bunu Amerikalı ekspert Andreas Kaju deyib.
"Biz yalnız medianın nəyi göstərdiyini bilirik. Amma ABŞ və Rusiya, o cümlədən Ukrayna arasındakı danışıqlar prosesindən danışsaq, söhbət Səudiyyə Ərəbistanından, yaxud Vaşinqtondan getməsindən asılı olmayaraq, bağlı qapılar arxasında baş verir. Aydın olan odur ki, Ukrayna prezidenti minerallarla bağlı razılaşmanı bəyənməyib. Zelenski Vaşinqtona Trampın komandasına təzyiq etmək üçün getdi, lakin razılaşmaya müəyyən təhlükəsizlik təminatları əlavə edə bilmədi” - deyə Andreas Kaju söyləyib.
Onun sözlərinə görə, ABŞ prezidentinin və vitse-prezidentinin davranışını dağıdıcı adlandırmaq olar: “Zelenskidən kamera qarşısında bu şərtlərin adını çəkmədən ABŞ-ın sülh müqaviləsi ilə bağlı şərtləri ilə razılaşdığını söyləməsi tələb olunurdu. Bu emosional və absurd görüşü görünməmiş adlandırmaq olar”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”