Mediasiya Şurası və BMT-nin Əhali Fondunun təşkilatçılığı ilə Bakıda məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş təlim keçirilib. Tədbirin əsas məqsədi icma fəallarının və mediatorların bu sahədə bilik və bacarıqlarını artırmaq olub.
QHT.az xəbər verir ki, iki gün davam edən təlim zamanı gender əsaslı zorakılıq (GƏZ), onun növləri, Azərbaycanda yayılması və yaratdığı fəsadlar geniş müzakirə edilib. İştirakçılar zorakılığa məruz qalan şəxslərə psixoloji və tibbi dəstək göstərilməsi, onların uyğun xidmətlərə yönləndirilməsi qaydaları ilə tanış olublar. Xüsusilə uşaqlar və əlilliyi olan şəxslərlə iş zamanı etik prinsiplərin önəmi vurğulanıb.
Təlimdə BMT-nin Əhali Fondunun eksperti Sara Ağayeva, "Genesis Psychology" Psixologiya və Təlim Mərkəzinin direktoru Günel Aslanova və Səhiyyə Nazirliyinin nümayəndəsi Zümrüd Kazımova çıxış ediblər.
QHT nümayəndələri, psixoloqlar və sığınacaq rəhbərlərinin də iştirak etdiyi tədbir iştirakçılara qazandıqları bilikləri icmalarında tətbiq etmək üçün imkan yaradıb. Belə təşəbbüslər məişət zorakılığı ilə mübarizədə mühüm addımlardan biri kimi qiymətləndirilir.