RU

Azərbaycana qardaş ziyarəti - Müzakirə  

Yazını böyüt
Yazını kiçilt

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana dövlət səfəri reallaşdı. Baş nazir Prezident İlham Əliyevlə öncə təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr apardı. Qarşılıqlı əməkdaşlığa dair sazişlər imzalandı, biznes-forum keçirildi. Dövlət başçıları mətbuata birgə bəyanatda iki ölkə arasındakı münasibətlərin daha da irəliyə aparılmasının hər iki tərəfin maraqlarına uyğun olduğunu xüsusi qeyd etdilər, ayrı-ayrı sahələr üzrə əməkdaşlıq perspektivlərinin cizgilərini göstərdilər.

İki ölkə arasında hərbi, siyasi, humanitar, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər var. Ekspertlər də bu qənaətdədir.

“Azərbaycan və Pakistan arasındakı dostluq, qardaşlıq münasibətləri tarixi köklərə malikdir. Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri də məhz qardaş Pakistandır. Əlaqələrimizin daha da dərinləşdirilməsi bu gün iki dövlətin qarşıya qoyduğu əsas prioritet məsələlərdəndir”.

Bunu hafta.az-a açıqlamasında hərbi ekspert Azər Bayramov deyib. Ekspert qeyd edir ki, Azərbaycanla Pakistan arasında bir çox sahələrdə olduğu kimi, hərbi-texniki istiqamətdə də əməkdaşlığın daha da dərinləşdirildiyi müşahidə edilir:

“İmzalanmış və razılaşdırılmış sazişlərə əsasən hərbi-texniki sahədə əməkdaşlığımız artıq bir çox istiqamətləri əhatə edir. Bu əməkdaşlıq hər iki tərəfin ordusunun güclənməsinə xidmət edir.

Bu sahədə əməkdaşlığı iki dövrə ayırmaq olar: 2-ci Qarabağ müharibəsinədək olan dövr və ondan sonra həyata keçirilən proseslər. Hansı ki, öncədən qarşıda duran əsas məsələlərdən biri Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idisə, artıq ölkəmiz öz gücü hesabına məhz sözügedən məsələni tamamilə həll edib. İkinci mərhələdə isə Qarabağ müharibəsindən sonra Azərbaycan, Türkiyə və Pakistanın regionda yaranmış yeni reallıqlar və ola biləcək təhdidlərin qarşısının alınması üçün birgə mövqe nümayiş etdirmələridir. Bu da bizə qarşı riyakar mövqe tutan dövlətlərə ciddi mesaj oldu”.

Regionda və beynəlxalq arenada baş verənlərə, müharibələrə baxdıqda artıq yeni tələblərin, qaydaların və texnologiyaların tətbiqinin zəruriliyini vurğulayan ekspert bildirir ki, buna uyğun olaraq, Azərbaycan, Pakistan və Türkiyə birgə addımlar atmaqdadır:

“Qardaş Pakistandan çoxməqsədli qırıcıların Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına verilməsi əməkdaşlığımızın ən yüksək səviyyədə olmasının göstəricisidir. Müdafiə sənayesi sahəsində Azərbaycanın istehsal etdiyi bir çox avadanlıqlar var ki, Pakistanın ordusunun  hansısa formada tələbinə uyğun təminatı həyata keçirilə bilər”.

Ekspert qeyd edir ki, bu günə qədər Azərbaycan və Pakistan arasında hərbi təhsil sahəsində də əməkdaşlıq intensiv şəkildə aparılır. Onun sözlərinə görə, hərbçilərimizin birgə təhsil fəaliyyəti - aparılan fikir mübadilələri, bir çox kurslara cəlb olunmalar - hər iki tərəfin şəxsi heyətinə təcrübə qazandırmış olur:

“Paralel olaraq, hərbi təlimlərin keçirilməsi deməyə əsas verir ki, istər Azərbaycan, istərsə də Türkiyə və Pakistan orduları gələcəkdə istənilən təhlükə və təhdidə hazır olacaq. Regionda və beynəlxalq arenada baş verənlərə nəzər salsaq, əlbəttə ki, bu gün təhlükəsizlik və müdafiə məsələləri hər bir dövlət üçün prioritet məsələdir”.

“Hər şeydən öncə Pakistan-Azərbaycan münasibətlərinin tarixinə nəzər yetirmiş olsaq, görərik ki, müstəqilliyimizin ilk illərindən iki ölkə arasında həmişə səmimi dostluq, qardaşlıq münasibətləri olub. Azərbaycan beynəlxalq münasibətlər sistemində davamlı olaraq özünün rolunu və təsirini artıran dövlətdir. Daha çox səmimi dostluq münasibətlərində olduğumuz ölkələrlə müxtəlif beynəlxalq və regional platformalarda sıx əməkdaşlıq sistemi qurmağı bacarmışıq”.

Bunu hafta.az-a siyasi ekspert, professor Elşad Mirbəşir bildirib. Onun sözlərinə görə,  Ermənistan tərəfindən torpaqlarımız işğal altında saxlanılan zaman Azərbaycana ən böyük mənəvi, siyasi dəstəyi verən dost dövlətlərdən biri də Pakistan idi. Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, müxtəlif platformalarda yanında olub:

“Eyni sözləri Azərbaycan haqqında da demək lazımdır. Pakistanın hər vəziyyətində Azərbaycan onun yanında olub, dəfələrlə yardım kampaniyaları keçirib, məktəblər inşa edib. Bir neçə il öncə Pakistanda təbii fəlakətlər böyük fəsadlara yol açmışdı. Onun nəticələrinin aradan qaldırılmasında Azərbaycan çox yaxından iştirak etmişdi.

Ötən il Azərbaycan Prezidentinin Pakistana səfəri zamanı orada prezidentimizə və ölkəmizə olan yüksək münasibəti bir daha gördük. Bu, sözün əsl mənasında örnək, səmimi qardaşlıq münasibətlərdir. Bu baxımdan hesab edirəm, Azərbaycan–Pakistan münasibətlərinin bundan sonra daha böyük perspektivləri var”.

E.Mirbəşir bildirir ki, xüsusilə müdafiə və təhlükəsizlik sahəsində Azərbaycanla Pakistan arasında çox yüksək əməkdaşlıq perspektivi var. Professor vurğulayır ki, Pakistanın Baş nazirinin Azərbaycana səfəri çərçivəsində çox mühüm əməkdaşlıq protokolları imzalandı ki, burada da diqqəti çəkən əsas məqamlardan biri iki dost ölkənin birgə silah istehsalını planlaşdırmasıdır:

“Bu, Azərbaycanın müdafiə sənayesinin inkişaf imkanlarının genişləndirilməsi baxımından çox əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, bu gün dünya silah bazarının fəal iştirakçılarından birinə çevrilməkdə olan Azərbaycan müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirmək marağındadır. Məhz bunun nəticəsidir ki, biz müxtəlif tərəfdaşlarımızla bu sahədə əməkdaşlığımızı artırırıq. Hesab edirəm, Pakistanla da Azərbaycan arasında bu istiqamətdə çox uğurlu əməkdaşlıq qurulacaq”.

E.Mirbəşirin fikrincə, bu gün Cənubi Qafqaz regionunun təhlükəsizlik axitekturası yenidən qurulur:

“Bu əməkdaşlıqlar sayəsində Azərbaycan regional təhlükəsizlik sistemin daha da uğurlu qurulmasına əlavə dəstək almış olacaq. Pakistan hər zaman Azərbaycanın maraqlarını səmimiyyətlə nəzərə alıb. Azərbaycan da eyni münasibəti Pakistana sərgiləyib”.

Milli Məclisin deputatı Azər Badamov bildirir ki, Pakistan torpaqlarımızı işğal etdiyinə görə Ermənistanı bir dövlət kimi tanımayan qardaş ölkədir. 44 günlük Vətən müharibəsi dövründə Pakistanın qardaş ölkə kimi verdiyi siyasi və mənəvi dəstək qələbəmizin daha inamlı əldə edilməsinə töhfə verib: “Ölkələrimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bir çox beynəlxalq təşkilatlarda birgə təmsil olunurlar. Biz beynəlxalq təşkilatlarda hər zaman bir-birinin mövqeyini dəstəkləyən dost ölkələrik. Dövlət başçılarının mütəmadi qarşılıqlı səfərləri reallaşır, müxtəlif platrformalarda görüşərək ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılır. Ölkələrimiz strateji tərəfdaşdırlar. Keçən il Prezident İlham Əliyevi Pakistan xüsusi bir şəkildə qəbul etmişdi. Belə qəbullar hər dövlət başçısının şərəfinə təşkil olunmur. Bu, bizim bir-birmizə nə qədər yaxın və doğma olduğumuzun nümayişi idi. Bu gün isə Baş nazir Məhəmməd Şahbaz Şərif Azərbaycana gəlib. Dövlət başçılarımız ikitərəfli və geniş tərkibdə görüşlər keçirdi və bir sıra sənədlər imzaladılar. Dövlət başçılarının birgə bəyanatı zamanı Prezident İlham Əliyev Pakistana iki milyard dollardan artıq sərmayənin yatırılacağını, bunun üçün nümayəndə heyətlərinə bir ay vaxt verildiyini bildirdi”.

Deputat qeyd edir ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsi üçün potensial böyükdür və hökumətlərarasısı komissiyaların keçirdikləri mütəmadi görüşlərdə, biznes-forumlarda ticari-iqtisadi əlaqələrin genişləndirlməsi imkanları ətrafında müzakirələr aparılır.

A.Badamov vurğulayır ki, Pakistanla siyasi münasibətlərimiz çox yüksək səviyyədə olmasına baxmayaraq, iqtisadi sahədə əməkdaşlıq heç də dostluq və qardaşlığımızın səviyəsinə uyğun gəlmir. Amma dövlət başçılarının qarşılıqlı səfərləri çərçivəsində aparılan müzakirələr və imzalanan sənədlər ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığın da artmasına töhfə verəcək.

Deputat bildirir ki, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri çərçivəsində aparılmış müzakirələr və imzalanmış sənədlər iki ölkə arasında əlaqələrin inkişafına yeni impuls verəcək. O qeyd edib ki, Azərbaycan və Pakistanın dostluğu əbədi və sarsılmazdır.

“Azərbaycan və Pakistan arasında əlaqələrin dərinləşdirilməsi strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Pakistan güclü hərbi sənayeyə malik olmaqla yanaşı, Mərkəzi Asiya, Hind yarımadası və İslam dünyasında ciddi təsir imkanlarına sahibdir. Onun Çin ilə yaxın münasibətləri, Hindistana qarşı tarixi rəqabəti, eyni zamanda Ermənistanla diplomatik əlaqələrinin olmaması Azərbaycan üçün bu tərəfdaşlığı daha da əhəmiyyətli edir”.

Bunu hafta.az-a açıqlamasında siyasi ekspert Azər Hüseynov deyib. Ekspert bildirir ki, Pakistanın nüvə gücünə malik olması, döyüş təcrübəsi olan peşəkar ordusu və hərbi texnologiyaları ilə Azərbaycan üçün mühüm hərbi tərəfdaş ola biləcəyini göstərir. Onun fikrincə, xüsusilə iki ölkə arasında hərbi təlimlər, texnoloji əməkdaşlıq və birgə müdafiə sənayesi layihələri Azərbaycanın hərbi gücünü artırmaq baxımından əhəmiyyətlidir:

“Bundan əlavə, Pakistanın Mərkəzi Asiya ölkələri ilə yaxın əlaqələri Azərbaycanın bu regionda iqtisadi və siyasi nüfuzunu genişləndirmək üçün yeni imkanlar yaradır. Pakistan Çinin “Bir Kəmər, Bir Yol” layihəsində mühüm iştirakçılardan biridir və Azərbaycan bu layihə çərçivəsində Pakistanla ortaq iqtisadi layihələr həyata keçirə bilər. Azərbaycanla Pakistanın yaxınlaşması, həmçinin Türkiyə ilə üçtərəfli əməkdaşlığın dərinləşməsinə və regional güc balansında mövqelərinin möhkəmlənməsinə səbəb ola bilər. Digər mühüm məqam Pakistanın Hindistanla olan münasibətləridir. Hindistan son illərdə Ermənistanla hərbi əməkdaşlığını artıraraq ona silah satışı həyata keçirir. Bu isə Azərbaycanın maraqlarına birbaşa ziddir. Pakistan isə Ermənistanı tanımayan və hər zaman Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyən dövlətlərdən biridir. Bu mənada, Pakistanla strateji tərəfdaşlığın gücləndirilməsi Azərbaycan üçün təkcə hərbi və iqtisadi deyil, həm də diplomatik baxımdan faydalıdır”.

A.Hüseynovun fikrincə, Azərbaycan və Pakistanın birgə əməkdaşlığı İslam dünyasında ölkəmizin nüfuzunun artmasına da təsir edə bilər:

“Pakistan İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq platformalarda Azərbaycanın maraqlarını müdafiə edən ölkələrdən biridir. Eyni zamanda, Pakistanın İslam dünyasında xüsusi çəkisi və nüfuzu var. Bununla yanaşı, Pakistanın Türkiyə ilə yaxın dostluq və strateji tərəfdaşlıq əlaqələri var ki, bu da üç ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar açır.

Bütün bu amillər nəzərə alındıqda, Azərbaycan və Pakistan arasında münasibətlərin daha da dərinləşdirilməsi, hərbi, iqtisadi və diplomatik sahələrdə yeni əməkdaşlıq formatlarının yaradılması strateji baxımdan vacibdir. Bu əlaqələr Azərbaycanın beynəlxalq arenada mövqelərini gücləndirmək, təhlükəsizliyini təmin etmək və iqtisadi inkişafına təkan vermək üçün mühüm rol oynaya bilər”.

 

Избранный
33
hafta.az

1Источники