"Şaxtyor"un baş direktoru Sergey Palkin FIFA-nın xarici futbolçuların klubu pulsuz tərk etməsinə icazə verməsi ilə bağlı qərarı sərt tənqid edib.
Offsideplus.az xəbər verir ki, Palkin bu tənqidini verdiyi açıqlamasında səsləndirib. O, bunları deyib:
"FIFA hər zaman ‘Biz bir ailəyik’ deyir. Bəs bu ailə haradadır? Ola bilsin ki, FIFA baxımından Ukrayna bu "birləşmiş ailənin" bir hissəsi deyil. Bu birlik hissini biz münaqişənin başlanğıcından bəri görməli idik. Amma bunu hiss etmədik. İnfantino Ukrayna futboluna kömək etmədi".
Xatırladaq ki, hazırda "Şaxtyor" Ukrayna Premyer Liqasının (UPL) turnir cədvəlində üçüncü pillədə qərarlaşıb və lider "Dinamo Kiyev"dən 8 xal geridədir.