RU

Aliment faktoru boşanmaların artmasında ciddi bir paya sahibdir -Sosioloq

Aliment Fondunun yaradılması saxta boşanmaları artıra bilər.
bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsində keçirilən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi”nin müzakirəsi zamanı komitə sədri Zahid Oruc deyib.
“Mən ilk dəfə Aliment Fondunun yaradılması ilə bağlı məruzədə yer alan təklifə öz subyektiv fikrimi demək istəyirəm. Boşanmalarla bağlı bir daha Aliment Fondunun yaradılması effektli yol kimi irəli sürülür. Bizə görə belə addımın atılması, əksinə, saxta boşanmaları gücləndirə bilər. Məruzədə Ombudsmanın aliment ödənişlərinin təyinatını, qanunvericilikdə aliment öhdəliklərinin icrasına xüsusi yanaşmanı, o cümlədən bu sahədə məhkəmə qərarlarının icrasındakı problemləri nəzərə alaraq, habelə xarici ölkələrin təcrübəsinə əsaslanmaqla əvvəlki illik məruzələrində Aliment Fondunun yaradılması ilə bağlı irəli sürdüyü təklif aktuallığını saxlayır”, - deyə Zahid Oruc qeyd edib.

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı ''Sherg.az''a bildirib ki, aliment faktoru boşanmaların artmasında ciddi bir paya sahibdir:

“Bunu əksər vəkillər, hakimlər qeyd edirlər. Üstəlik, bir çox qadınlar özləri belə sosial şəbəkələrdə bunu açıq etiraf edirlər. Bununla belə sözügedən sahədə çox paradoksal vəziyyət yaranır. Aliment əsasən uşaqların yaşamasını təmin etmək üçün vacibdir. Əgər ata işləmirsə və ya minimum maaşa çalışırsa o halda alment tutulması mümkün olmur. Bu halda dövlət (Fond) onun əvəzindən bu vəsaiti ödəməli və gələcəkdə ata iş taparsa və normal əməkhaqqı ilə işləyərsə ondan tutulmalar edilib fonda geri qaytarmalıdır. Bir çox ölkələrdə bu tətbiq olunur. Lakin boşanmaların sürətlə artması fonunda bunun öhdəsindən gəlmək mümkün olmayacaq. Ona görə də problemin nəticələri ilə uğraşmaqdansa səbəbini aradan qaldırmaq lazımdır. Ölkədə TV-lər, media və internetdə aparılan bütün təbliğatlar boşanmaların artmasına hesablanıb. Çox təəssüf ki, son dövrlərdə hüquqi cəhətdən də boşanma proseduru asanlaşdırııb, boşanmaların artmasına bir növ stimul verilib və ailənin qorunması üçün heç bir ciddi tədbirlər görülmür. Boşanmalar bizdə 50 faizə çatıb və bu dünya üzrə ən yüksək göstəricilərdən belədir. Burada əsas səbəb mənəvi deqradasiyadır”.

Ekspertin sözlərinə görə burada da ən əsas səbəblərdən biri xəyanətlə bağlıdır:
“Bir çox hallarda kişi əxlaqsızlıq edən qadından boşanırsa çətin vəziyyətə düşür, onun maaşının yarısını alıb qadına verirlər, o da rahat şəkildə öz əməllərini davam etdirir. Bu nə dərəcədə, ədalətli, məntiqi, hüquqi addımdır? Buna görə də, boşanma zamanı səbəblərə baxılmalıdır. Əgər qadının günahı ucbatından boşanma baş verirsə, və ya qadın ciddi bir əsas olmadan boşanmaq istəyirsə, alimentdən məhrum edilməlidir. Bu halda özü işləyib özünü saxlamalıdır. Əgər boşanma kişinin günahı ucbatından baş verirsə, bəli, bu halda aliment ödəməyə məcbur edilməlidir, maaş azdırsa, daha yuxarı maaş və ağır işlə təmin edilməlidir, bu mümkün deyilsə, onun əvəzinə aliment fondundan ödənilməli, sonra o ömür boyu az-az bu vəsaiti fonda geri ödəməlidir. Bəzi hallarda bu mümkün olmaya bilər, bu halda da vəsait dövlət tərəfindən ödənməlidir. Qarşı tərəf məcburi səbəbdən (Əlillik, ağır xəstəlik və s) heç vaxt bu borcu qaytara bilməyəcəksə belə. Qaldı ki, Aliment Fondunun yaranmasından sonra saxta boşanmaların da baş verə biləcəyinə, bəli bu mümkündür. Bizim cəmiyyətdə bu kimi hallar həmişə olub. Bunun qarşısını almaq üçün bir mexanizm yaradıla bilər”.
Избранный
45
sherg.az

1Источники