RU

Qadın sahibkarların sayı artır

Yazını böyüt
Yazını kiçilt

Son illərin statistikası göstərir ki, Azərbaycanda qadınların biznes və sahibkarlıq sahəsində aktivliyi artır. Qadın sahibkarlığının inkişafı qadınların iqtisadi və sosial nüfuzunun artmasına və cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Məsələn, təkcə 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun verdiyi güzəştli kreditlərin 7,5 faizi qadın sahibkarların payına düşüb. Hesabat dövründə 472 qadın sahibkarın layihələrinə 18,7 milyon manat güzəştli kredit ayrılıb.

Azərbaycanda sahibkar qadınların 25,4 faizi kənd təsərrüfatı, 21,5faizi ticarət, 35,3 faizi isə xidmət sektorunda fəaliyyət göstərir. 2024-cü ilin statistikasına əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş qadın sahibkarların sayı 300 mindən çox olub. Ölkə Prezidentinin 22 iyul 2022-ci il Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nda qadınların iqtisadi imkanlara çıxışının yaxşılaşdırılması, iqtisadi fəallıqlarının artırılması istiqamətində strateji çərçivə müəyyən edilib. Eyni zamanda, icrası 2022-2026-cı illəri əhatə edən “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramında qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirilməkdədir. Sahibkarlığın, o cümlədən qadın sahibkarlığın inkişafının dəstəklənməsində Birinci vitse-prezidenti Mehriban Əliyeva da ön sırada dayanır. Onun xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir. Ölkə iqtisadiyyatında qadın sahibkarların artan rolu, məşğulluğun təmin olunmasında qadın sahibkarlığının müstəsna əhəmiyyəti daima təşviq olunur.

Məlumat üçün bildirək ki, qadın sahibkarlığı dedikdə, ənənəvi olaraq, xanımların rəhbərlik etdiyi biznes başa düşülür. XX əsrdə onların sahibkarlığa kütləvi axınını səssiz inqilab da adlandırırlar. Belə hesab olunur ki, “qadın işi”nin zərif cins nümayəndələrinin sosial-psixoloji keyfiyyətlərilə bağlı xüsusiyyəti var: qeyri-standart şəraitlərdə yeni ideyalar irəli sürmək, etibar qazanmaq bacarığı, intuisiya və s.

Ekspertlərin qiymətləndirməsinə görə, bu gün qadın sahibkarlığının ən dinamik inkişaf etdiyi ölkə ABŞ-dır. Orada kiçik biznes obyektlərinin 30 faizdən çoxu xanımların nəzarətindədir. Ümumilikdə isə dünyada biznesin 1/3-i qadınlardadır. İşçi qüvvəsinin 1/4-i məhz onların əlindədir. Həm ərin, həm də xanımın çalışdığı ailələrin 1/4-də qadın daha çox qazanır.

Araşdırmalara görə, sahibkar qadınlar daha çox iqtisadiyyatı inkişaf etmiş ölkələrdə parlayır. Başqa sözlə, sənaye bazarı olan ölkələrdə biznes qurmuş xanımlar daha böyük imkanlardan və resurslardan yararlana bilir. Buraya kapitalın əlçatan olması, maliyyə xidmətləri, akademik təhsil proqramları və s. aiddir. İnkişaf etməkdə olan ölkələrin sahibkar xanımları belə imkanlara malik deyil.

Ümumilikdə reytinq göstərir ki, zərif cins nümayəndələrinin biznesinin inkişafına əngəl ola biləcək gender stereotiplərinə rəğmən, bütün dünyada istər təcrübəli, istərsə də yeni fəaliyyətə başlamış xanım sahibkarlar uğur qazana bilir. Statistik rəqəmlərdən o da bəlli olur ki, dünyada xanımların siyasətə və iqtisadiyyata təsiri də artır. Məsələn, bu gün bir sıra inkişaf etmiş ölkədə ÜDM-in, az qala, 60 faizini qadınlara məxsus müəssisələr təmin edir. Almaniya ilə ABŞ-də bu, 50-52 faiz, Yaponiyada 55, İtaliyada isə 60 faizdir. Dünyada resursların 1/10 faizi bilavasitə qadınlara məxsusdur.

Ümumiyyətlə, bütün dünyada öz işini qurmaq istəyən qadınlar, ilk növbədə, cəmiyyətin psixoloji təzyiqi ilə üzləşir. Bu, əsasən, kişi tərəfdaşların qadının yaratdığı müəssisənin uğuruna inanmaması, ona ciddi yanaşmaması ilə bağlıdır. Başqa sözlə, zərif cinsin nümayəndəsinin müvəffəqiyyətli şəxs olduğunu sübut etməsi üçün vaxt tələb olunur. Ənənəvi Şərq mədəniyyətinin hökm sürdüyü ölkələrdə bu amillərə sırf mental məqamlar da əlavə olunur. Bu ölkələrdə qadına yalnız ailənin baxıcısı kimi yanaşırlar. Doğrudur, bu gün Şərqdə də işləyən qadınların sayı kifayət qədər çoxdur. Lakin onların gəliri sadəcə, ailə büdcəsinə kiçik dəstəkdir. Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu Azərbaycanda isə qadınların biznesdə lider roluna yüksəlməsi o qədər ağrılı başa gəlmir. Bununla yanaşı, bizdə də xanımlar, hələ ki, öz işlərini məhdud profilli istiqamətlərdə qurmağa üstünlük verir. Bu, onlar üçün çoxdan münasib sahələr sayılan təhsil, səhiyyə, toxuma, xidmət və sairdir. Bu gün Azərbaycanda klinikaların, gözəllik salonlarının, dəb evləri və atelyelərin, təhsil kurslarının və uşaqlar üçün dərnəklərin əksəriyyəti xanımların layihəsi hesabına yaranıb. Başqa sözlə, bu gün Azərbaycanda qadınlar daha çox kiçik  və orta bizneslə məşğuldurlar.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Emin Qəribli də bildirib ki, Azərbaycanda xanımlar biznes və sahibkarlıq sahələrində aparıcı rola malikdir: “Hazırda Azərbaycanda müxtəlif sahələrlə bağlı sahibkarlıq fəaliyyəti göstərən xanımlar olduqca çoxdur. Qadın sahibkarlar xüsusən xidmət, səhiyyə kimi sahələrdə xeyli dərəcədə aktivdir. Hətta bir sıra biznes sahələri ilə əlaqədar maarifləndirici kursların təşkili də məhz elə qadınlarla bağlıdır. Ölkəmizdə xeyli tanınan, öz işində uğurlar qazanmış xanım şirkət rəhbərləri də az deyil. Bu gün özəlliklə dizayn, tekstil və gözəllik mərkəzlərinin fəaliyyətində xanımların mütləq üstünlüyü mövcuddur. Təbii ki, digər sahələrdə də ən az kişilər qədər qadınların da söz sahibi olduğu müəssisə və şirkətlər var. Son illər xanımların yer aldığı sahibkarlıq növlərindən biri də tərcüməçilikdir. Biz baxsaq görərik ki, bir çox xanımlar bu sahədə şirkətlər açır və müxtəlif şirkətlərə tərcümə xidməti göstərir. Əlbəttə, bunlar müsbət haldır. İqtisadiyyatda kişilərlə yanaşı xanımlar da nə qədər aktiv olsalar, cəmiyyətdə ÜDM-nin həcmi bir o qədər çox olar. Bir çox hallarda inkişafda olan ölkələrdə ÜDM-nin az olmasının səbəblərindən biri də odur ki, bu dövlətlərin əksəriyyətində xanımlar adətən işləmir. Düşünürəm ki, gələcəkdə Azərbaycanda qadınların biznes və sahibkarlıq sahələrindəki çəkisi daha da artacaq. Bunun üçün ölkəmizdə yetərincə münbit şərait də var. Bu gün Azərbaycanda bir çox sahibkarlar ittifaqları var və hətta bu ittifaqların bir çoxuna elə xanımlar rəhbərlik edir. Ümumən bizim cəmiyyətdə xanımların təşkilatlanması olduqca yaxşı alınır”.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov deyir ki, Azərbaycanda qadın sahibkarlığının inkişafı və ölkə iqtisadiyyatında rolu getdikcə artmaqdadır: “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası - məhz bu qurum qadın sahibkarlığının inkişafına maksimum dərəcədə dəstək olmağa çalışır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkədə qadın sahibkarlığının bilavasitə inkişaf etdirilməsi üçün mümkün dəstək vasitələrindən davamlı istifadə edir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarında da qadın sahibkarlığının inkişaf etdirilməsi üçün müəyyən müddəalar öz əksini tapıb. Məsələn, Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair strateji yol xəritəsi var. Milli iqtisadiyyat və milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də məhz qadın sahibkarlığın artırılması istiqamətində müəyyən strateji hədəflər qoyulub. Həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsində qadın sahibkarlığının inkişafının dəstəklənməsi ilə bağlı konkret müddəa əks olunub. Burada qeyd olunur ki, ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla qadın sahibkarlığının inkişafına təşviq etmək və bu sahədə zəruri tədbirlər görmək Agentliyin əsas vəzifələrindən biri olaraq müəyyən edilib. Eyni zamanda, KOBİA-nın sahibkarlığın inkişaf etdirilməsi üçün birbaşa yaradılmış qurum olaraq fəaliyyəti daha çox müşahidə edilir. Məhz bu qurum yanında fəaliyyət göstərən ictimai şuranın üzvləri olur.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İctimai Şurada mövqe tutub. Onların fikir və təkliflərini öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər, təlimlər, seminarlar, dəyirmi masalar təşkil olunur. Həmçinin KOBİA Azərbaycanın regionlarında qadın maliyyə savadlılığının artırılması, maliyyə idarəetmə davranışlarının inkişaf etdirilməsi, biznesi başlamaq və təkmilləşdirmək üçün potensiallarının artırılması və digər istiqamətlərdə fəaliyyətlər həyata keçirir. Müxtəlif qurumlarla, banklarla birlikdə onların maliyyə əlçatanlığının təmin olunması üçün birgə layihələr icra olunur”.

 

Избранный
40
hafta.az

1Источники