RU

Tramp-Zelenki dueli ilə bağlı ŞOK

İDDİA:Ssenarisi əvvəldən yazılmış tamaşa

Son aylar Ukraynadakı münaqişənin həlli istiqamətində diplomatik səylər intensivləşsə də, beynəlxalq ictimaiyyət arasında fikir ayrılıqları özünü açıq şəkildə büruzə verir. Londonda keçirilən sammitdə Avropanın liderlik strategiyasında çətinliklər yaşandığı müşahidə edilir. Bir necə gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Trampın görüşü gözlənildiyindən daha gərgin keçdi. 

Tərəflər arasında ictimaiyyətin gözü qarşısında fikir ayrılıqları yarandı, hətta birgə mətbuat konfransı belə ləğv olundu. Belə bir şəraitdə Avropa Birliyinin (AB) Ukrayna ilə bağlı strategiyasını müstəqil şəkildə formalaşdırıb-formalaşdıra bilməyəcəyi mühüm sual olaraq qalır. 

Hazırda Avropa liderləri ABŞ ilə sıx əməkdaşlığın vacibliyini vurğulasalar da, Vaşinqton olmadan irəliləməkdə çətinlik çəkirlər. Bəs bu vəziyyət Ukrayna üçün nə vəd edir? Avropa və ABŞ-nin fərqli yanaşmaları münaqişənin gedişatına necə təsir edəcək? 

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında latviyalı hərbi ekspert Einars Graudins bildirib ki, bu gün baş verən hadisələri və geosiyasi prosesləri anlamaq üçün tarixə nəzər salmaq vacibdir. Xüsusilə İkinci Dünya müharibəsindən sonra formalaşan və "kollektiv Qərb" adlandırılan anlayış bu gün də beynəlxalq siyasətdə əsas rol oynayır:

"Rusiyanın təbliğatında bu anlayış mənfi ifadə kimi təqdim olunsa da, əslində, kollektiv Qərb real bir geosiyasi vahid kimi mövcuddur. Bu, NATO və Aİ kimi beynəlxalq hüquq çərçivəsində formalaşmış dövlət strukturlarını əhatə edir. Bu təşkilatlar ortaq dəyərlər və prinsiplər əsasında fəaliyyət göstərir və dünyanın geosiyasi nizamını formalaşdıran əsas güclərdən biri hesab olunur. 

Burada isə ABŞ-nin rolu danılmazdır. ABŞ təkcə İkinci Dünya müharibəsindən sonra Avropanı xarabalıqlardan qaldıran "Marşal Planı" ilə deyil, həm də demokratik dəyərlərin müdafiəsi naminə həyata keçirdiyi siyasi və hərbi müdaxilələrlə tarixdə mühüm iz buraxıb”. 

Ekspert deyib ki, bütün bu proseslər təkcə hərbi əməkdaşlıq və iqtisadi maraqlarla məhdudlaşmır: 

“Bu, dərin ideoloji və siyasi birlikdir. Onilliklər boyu Qərb dünyası düşünürdü ki, azad Avropa okeanın o biri tərəfindəki ABŞ ilə ayrılmaz şəkildə bağlıdır. ABŞ-nin iqtisadi, maliyyə və hərbi gücü bu münasibətlərin əsas dayaqlarından biridir. Təbii ki, Avropada sülh ABŞ olmadan da mümkündür. 

Ancaq texniki və maliyyə baxımından Avropa Ukraynanın təhlükəsizliyini tam şəkildə təmin edə bilərmi? Avropa İttifaqının Ukrayna məsələsində müstəqil şəkildə hərəkət etməkdə çətinlik çəkməsi aydın görünür. 

Avropa Birliyi yalnız ABŞ Prezidenti ilə Ukrayna Prezidenti arasındakı şəxsi münasibətlərə və ya ABŞ-nin bəzi Avropa ölkələrinə yönəlmiş tənqidlərinə əsaslanaraq qərar vermək istəmir. Əksinə, Avropa uzunmüddətli strateji maraqları nəzərə alaraq, ABŞ ilə sıx koordinasiyada hərəkət etməyə çalışır”.  

Ekspert qeyd edib ki, ABŞ administrasiya nümayəndələrinin Münhendəki bəyanatları Avropada müəyyən narahatlıq doğurub. Bunun səbəbi Avropanın ABŞ-dən daha uzun diplomatik tarixə malik olmasıdır: 

“Avropa açıqlamaları qəbul etsə də, bu hal müəyyən mənfi təəssürat yaratdı. Lakin bu, heç də ABŞ və Avropa İttifaqı arasındakı strateji ittifaqın pozulacağı anlamına gəlmir. Çünki Qərb sivilizasiyasının əsas təməli ingilis-sakson ittifaqı üzərində qurulub. Burada vacib məqam ondan ibarətdir ki, Avropa tamamilə ABŞ-dən asılı deyil. Avropanı zəif və tamamilə Vaşinqtondan asılı hesab etmək yanlış yanaşmadır. Lakin demokratik dövlətlərlə totalitar rejimlər arasında əsas fərq idarəetmə sistemindədir. Rusiya bu gün açıq şəkildə avtoritarizmə və hətta faşist ideologiyasına doğru irəliləyir. 

Bu baxımdan, demokratik Qərb ölkələri fundamental olaraq fərqli bir idarəçilik sisteminə malikdir. Onilliklər və hətta yüzilliklər boyu Qərb ölkələrində demokratik institutlar elə formalaşıb ki, burada bir nəfər, hətta dövlət başçısı belə ölkənin strateji xarici siyasət kursunu 180 dərəcə dəyişdirə bilməz. 

ABŞ, Böyük Britaniya və digər Qərb dövlətlərində siyasi qərarların qəbulu demokratik seçki hüququna, güclü dövlət institutlarına, hərbi və xüsusi xidmət orqanlarına əsaslanır. Bu sistemin necə işlədiyini anlamaq üçün təkcə ABŞ-nin deyil, həm də Böyük Britaniya və AB ölkələrinin, eləcə də Fransanın idarəetmə modelini nəzərə almaq lazımdır. Fransa əhəmiyyətli bir nüvə dövləti olmaqla yanaşı, həm Afrika qitəsində, həm də keçmiş Levant bölgəsində (Yaxın Şərq) güclü təsir imkanlarına malikdir. Buna görə də Fransanın qlobal siyasətdə rolu heç vaxt az qiymətləndirilməməlidir”. 

Ekspert vurğulayıb ki, hazırda əsas sual budur ki, ABŞ və Avropa üçün bu əlaqələri pozmaq nə dərəcədə sərfəlidir? Onun sözlərinə görə, siyasət həmişə praqmatizmə əsaslanır və bu məsələdə də əsas meyar məhz maraqlardır: 

"Həm ABŞ, həm də Avropa İttifaqı anlayır ki, onların strateji tərəfdaşlığı hər iki tərəfə faydalıdır. Çünki birlikdə hərəkət etmək parçalanmaqdan daha güclü mövqe deməkdir. Bu həqiqət Vaşinqtonda da başa düşülür. Donald Trampın hakimiyyətə gəlməsi ilə ABŞ siyasətində hansısa intellektual enişin baş verdiyini düşünmək yanlış olardı. ABŞ siyasəti elə bir sistemə malikdir ki, burada zəif intellektli insanların yüksək vəzifələrə gəlməsi mümkün deyil. 

Demokratiyanın özü elə bir mexanizmdir ki, o, qeyri-peşəkar şəxslərin dövlət idarəçiliyinə təsir imkanlarını məhdudlaşdırır. Buna görə də ABŞ-Avropa münasibətlərinin fundamental əsasları Trampın və ya başqa bir liderin şəxsi baxışlarından asılı deyil”. 

E.Graudins bildirib ki, Avropa ölkələri narahatdır və bu narahatlıq açıq şəkildə görünür:

“Böyük Britaniyanın Baş nazirinin Vaşinqtona səfəri və Fransa Prezidenti Makronun müxtəlif siyasi addımlar atması Avropanın narahatlığını göstərir. Bu narahatlıq xüsusilə də Fransa üçün vacibdir, çünki bu gün Avropada ən güclü ölkə məhz Fransadır. Bəzi səbəblərə görə Almaniya öz liderliyini müəyyən qədər itirib, amma Fransanın təsiri böyükdür. 

Eyni zamanda, Böyük Britaniya qlobal təsir gücünə malikdir və bu təsir əsrlər boyu davam edib. Mən bunu qətiyyətlə deyirəm, çünki mən Böyük Britaniyanı çox sevirəm və orada çox vaxt keçirirəm. Hətta siyasi sistemini və idarəetmə mexanizmini dərindən öyrənməsəm də, Britaniyanın beynəlxalq siyasətə necə yanaşdığını və necə uzaqgörən şəkildə hərəkət etdiyini hər zaman heyranlıqla izləyirəm”. 

Ekspert hesab edir ki, Avropanın gələcəyi və təhlükəsizliyi barədə narahat olmağa ehtiyac yoxdur. Onun fikrincə, bəzən cəbhədəki səslər və popülist yanaşmalar hər şeyin dramatik göründüyü təəssüratını yaratsa da, gerçəkdə çox vaxt bu sadəcə teatrdır: 

“Məsələn, ABŞ-dən gələn bəzi bəyanatların reallaşdırılması hər zaman mümkün olmur. Siyasət bəzi hallarda müəyyən səhnələrdən ibarət ola bilər və bu, daxili siyasi maraqlara uyğun şəkildə idarə olunur. Donalt Tramp  böyük biznesmen və çox sərt insandır, onun Amerikada güclü biznes instinkti var. O, "Amerikanın buldoqu" adlandırıla biləcək bir xarakterə sahibdir. Eyni zamanda, Volodimir Zelenski, Ukraynanın suverenliyini qorumaqla yanaşı, öz peşəkar sahəsində əslində bir komikdir. Çox vaxt xaricdən görünən vəziyyətin içində başqa məqamlar gizlənə bilər. Bu məsələyə son qoymaq istəyirəm: Kim deyə bilər ki, bütün bu hadisələr sadəcə teatr deyil? Bəlkə də bu, əvvəldən ssenarisi yazılmış bir tamaşa idi. Buna əmin olduğunuzdan əminsinizmi?” 

Избранный
32
cebheinfo.az

1Источники