“Afrika özünün təbii sərvətləri ilə 21-ci əsrin əsas diqqət mərkəzlərindən birinə çevrilib. Uzun illər müstəmləkəçilikdən əziyyət çəkmiş bu qitə bu gün də iqtisadi və siyasi asılılıqdan qurtulmaq üçün mübarizə aparır. Afrika ölkələri öz təbii sərvətlərini və insan resurslarını düzgün idarə edərək mühüm oyunçulardan birinə çevrilə bilər. Afrika ölkələri Azərbaycana xüsusi rəğbətlə yanaşır. Bu, Azərbaycanın xarici siyasətində səmimi əməkdaşlığa üstünlük verməsindən irəli gəlir”.
Bunu hafta.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib. Qeyd edib ki, Azərbaycan Afrika ölkələri ilə münasibətlər quran digər ölkələrdən fərqli olaraq Afrika ilə münasibətlərində bərabərhüquqlu prinsiplərini əsas tutur, ikitərəfli münasibətlər qurmağa hazır olduğunu nümayiş etdirir:
“Azərbaycan humanitar və mədəni əlaqələrdə bu münsibətlərin dərinləşməsinə öz töhfəsini verir. Afrika ölkələrində səhiyyə, təhsil, ekoloji layihələr keçirir və bu münasibətlər qarşılıqlı etimadı artırır. Bundan əlavə, ölkəmiz Afrikada müxtəlif infrastruktur layihələrə sərmayə yatıraraq yerli iqtisadiyyatı stimullaşdırmaqda da maraqlı olduğunu dilə gətirib. Təbii ki, bu məsələlər də Afrika dövlətləri tərəfindən müsbət qarşılanır. Azərbaycanla Afrika arasında qurulan digər prioritet sahə müstəmləkəçiliyə qarşı mövqe və bu istiqamətdə Afrikaya verdiyi dəstəklə bağlıdır. Azərbaycan uzun müddətdir ki, Fransa və digər ölkələrin müstəmləkə siyasətinə qarşı mübarizə aparan Afrika ölkələrinə dəstək verən azsaylı ölkələrdən biri olduğunu sübut edib. Azərbaycanın beynəlxalq platformalarda müstəmləkəçilik siyasətinə qarşı açıq çıxış etməsi Afrika ölkələri tərəfindən də müsbət qarşılanır. Azərbaycan bərabərhüquqlu əməkdaşlıq siyasətinə sadiq qalaraq Afrika qitəsi ilə əməkdaşlıqda maraqlıdır. Bu, beynəlxalq nüfuzun artması ilə yanaşı Afrika ölkələrinin inkişafına hesablanıb”.