Neft Emalı Zavodunun Bakıdan köçürülməsi ilə bağlı 2 ssenari var.
Bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə məlumat verib.
Elşən Hacızadə deyib ki, zavodda modernizasiya prosesi gedir: “Zavod artıq "Avro-5" standartlı dizel yanacağı və benzin istehsal edib. 2025-ci ildən zavodun rekonstruksiyanın ikinci fazasına keçid olacaq. Zavodun köçürülməsi, yoxsa ikinci faza istiqamətində inkişafı getməsi ilə bağlı fikir mübadiləsi aparılır, bu ssenarilərə baxılır. Hər iki ssenaridə əgər yeni zavod tikəcəyiksə, o da 2030-2031-ci illərdə nəzərdə tutulur. Modernləşdirmə prosesi davam edəcəksə də, bu da eyni vaxtda nəzərdə tutulur".
Nazirlər Kabinetinin şöbəsi müdiri nəzərə çatdırıb edib ki, zavodun 70 ildən çox tarixi var: "Neft Emalı Zavoduna qoşulan zavod var, "Azərneftyağ"-ın təxminən 130 yaşı var. Həmin "Azərneftyağ" hər iki ssenaridə köçürüləcək. Modernləşdirmə davam etsə də, zavod 2030-cu ilədək köçürüləcək. Həmin zavodun 30 faiz istehsalı "Azərneftyağ" hissəsində həyata keçir. Gərək modernləşdirmə bitsin ki, zavodu köçürə bilək”./APA