RU

İsrail işi bitirməyə hazırdır?

İsrailin baş naziri Benyamin Netanyahu dünən ABŞ prezidenti Donald Trampa əvvəlki administrasiyanın dondurduğu hərbi tədarükü bərpa edərək, İsrailə silah-sursat yardım göstərdiyinə görə təşəkkür edib. Netanyahu vurğulayıb ki, bu yardım onlara İran və müttəfiqlərinə qarşı işi bitirməkdə kömək edəcək.

Trampın Ağ Evdə İsrailin “ən böyük dostu” olduğunu bildirən videomüraciət yayımlayan Netanyahu, bunu əvvəllər sələfi Co Baydenin administrasiyası tərəfindən dayandırılmış bütün sursatları göndərməklə göstərdiyini bildirib. İsrailin baş naziri deyib ki, ABŞ beləliklə, İranın terrorçu oxunu məhv etmək üçün lazım olan silahları verməklə İsrailə kömək edir.

Keçən ay Netanyahu ABŞ dövlət katibi Marko Rubio ilə birgə mətbuat konfransında oxşar şərhlər edərək, Tehranın təhdidlərinə qarşı Vaşinqtonun dəstəyi ilə “işi bitirəcəklərini” vurğulamışdı. O zaman İsrailin baş naziri deyib ki, İsrail 2023-cü il oktyabrın 7-də Qəzza zolağında HƏMAS-a qarşı başlatdığı müharibədən bəri İran oxuna güclü zərbə vurub.

İsrail Tehranın regional yaraqlıları – “HƏMAS”, “Hizbullah” və Husiləri kimi terror təşkilatlarına ağır zərbələr endirib və Tehranın Tel-Əvivə qarşı raket hücumlarına cavab olaraq İranın bəzi hissələrini bombalayıb.

ABŞ dövlət katibi Rubio şənbə günü İsrailə təxminən 4 milyard dollarlıq hərbi yardımın çatdırılmasını təsdiqlədiyini açıqlayıb. Keçmiş prezident Co Bayden tərəfindən tətbiq edilən qismən silah embarqosunun ləğvini xatırladan Rubio, “İsrailə təxminən 4 milyard dollarlıq hərbi yardımın çatdırılmasını sürətləndirmək üçün bəyannamə imzaladım”, – deyib.

Tramp administrasiyası fevralın əvvəlində İsrailə ümumilikdə 7,4 milyard dollar dəyərində bomba, sursat və raket satışına icazə verib. Bir neçə gün sonra İsrail Müdafiə Nazirliyi ABŞ-dan verilən ağır silahların ilk partiyasının gəldiyini açıqladı.

Избранный
30
1
vaxt.az

2Источники