RU

Narkomaniya cəmiyyəti təhdid edən ən ciddi sosial bəladır

Dövlətin və cəmiyyətin əsas vəzifəsi gənclərin sağlam ruhda inkişafını və tərbiyəsini təşkil etməkdir. Gənc nəslin inkişafı, onların sağlam həyat tərzinin təşkili ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Əqli və fiziki cəhətdən sağlam gəncliyə ehtiyac duyulduğu dövrdə insanları sağalmaz xəstəliklər məngənəsində boğan narkomaniya cəmiyyətin və dövlətin mənafelərinə toxunmaqla, sağlam cəmiyyətin formalaşması istiqamətində ciddi maneələr yaradır. Narkomanlıq müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Görülən qabaqlayıcı tədbirlərə, atılan qətiyyətli addımlara baxmayaraq, cəmiyyətdə narkomaniyaya qurşanmış insanların sayı artmaqda davam edir.

Ümummilli Lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 26 avqust  1996-cı il  tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bundan sonra həmin Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. 18 iyun 1999-cu ildə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun qəbul olunmuşdur. Ulu Öndər Heydər Əliyevin 15 iyul 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Milli Proqram (2000-2006-cı illər)” və onun tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə yaradılmış xüsusi Dövlət Komissiyasının fəaliyyəti müstəsna əhəmiyyət kəsb edib.

Bəşəriyyət uzun illərdən bəri narkomaniyanın törətdiyi dəhşətli fəsadlar qarşısında acizdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problemin vurduğu zərərin həcmi çox böyük olmaqla həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, həm də onun müxtəlif cinayətlər törətməsinə, həmçinin cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır. Eyni zamanda, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Bu baxımdan dünya dövlətləri narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını daha da təkmilləşdirir, habelə beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırırlar.

Avropa və Asiya qitələrinin qovşağında yerləşən Azərbaycanın coğrafi-strateji mövqeyi onun ərazisindən narkotiklərin tranzit daşınması üçün əlverişli olduğundan, təbii olaraq bu marşrutdan istifadə olunmasına mütəmadi cəhdlər göstərilir. Fəqət onların cəhdlərinin qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq. Ümumbəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan yayılması ölkəmiz üçün həlli vacib məsələlərdən birinə çevrildiyindən, dövlətimiz bütün qüvvə və imkanlarını səfərbər edərək bu bəlanın kökünün kəsilməsi istiqamətində aparılan beynəlxalq mübarizəyə qoşulmuş, bu sahədə həyata keçirilən işlər çərçivəsində zəruri qanunvericilik bazası yaradılmış və institusional islahatlar həyata keçirilmişdir.  Təsadüfi deyil ki, ölkəmiz 1998-ci ildə BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il konvensiyalarına qoşulub. Azərbaycan BMT-nin narkotik vasitələr və psixotrop maddələrlə mübarizə ilə əlaqədar konvensiyalara qoşulduqdan sonra da bu sahədə çoxsaylı qanunvericilik aktları qəbul olunub.  Azərbaycan tərəfinin bir sıra dövlətlər və beynəlxalq qurumlarla birgə fəaliyyəti və sıx əməkdaşlığı da uğurla həyata keçirilir.

Qeyd olunmalıdır ki, cənab Prezident İlham Əliyevin müdrikliyinin və gərgin fəaliyyətinin nəticəsində ildən-ilə daha da qüdrətlənən dövlətimiz narkomanlığa, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı bu gün də uğurlu mübarizə aparır. Bu mübarizədə Azərbaycan Prezidentinin 28 iyun  2007-ci il  tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2007–2012-ci illər üçün Dövlət Proqramı”nın, 24 iyun  2013-cü il  tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nın uğurla həyata keçirilməsinin əvəzsiz rolu olub. Xüsusi vurğulanmalıdır ki, ölkəmizdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı tədbirlərin icrası məqsədilə hazırlanıb və Azərbaycan Respublikası Prezidentinin 22 iyul  2019-cu il  tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın müvəffəqiyyətlə icra olunması bu sahədə uğurlu nəticələrin əldə edilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir.

Hər kəsə məlumdur ki, Azərbaycanda insan amili dövlət siyasətinin əsasını təşkil edir. Prezident İlham Əliyev həyata keçirilən siyasətin mərkəzində vətəndaşın dayandığını hər zaman xüsusi vurğulayır. Azərbaycanın gələcəyi olan gənclərimizə isə diqqət və qayğı daha qabarıq sezilir. Ardıcıl şəkildə qəbul olunan Dövlət proqramları gəncliyin inkişafına, onların potensial imkanlarının genişləndirilməsinə müsbət təsir göstərib. Bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gənc nəslin sağlamlığının qorunması və onların hərtərəfli inkişafı istiqamətində həyata keçirilən tədbirlərin də olduqca əhəmiyyətli olması xüsusi vurğulanmalıdır.

Narkomaniyanın profilaktikası ailə və məktəbdən başlanmalıdır. Təbii ki, əsas məqamlardan biri valideynlərin düzgün həyat tərzi keçirməklə övlada örnək olmasıdır. Valideynlərin uşaqlarının narkomaniyadan qorunmasında bu profilaktikanın müstəsna rolu vardır. Bununla bərabər, valideynlə övlad arasında qarşılıqlı inamın olması da vacib şərtdir. Təcrübədə yeniyetmələrin və gənclərin pis vərdişlərə və təhlükəli işlərə daha çox meylli olmalarını nəzərə alaraq hesab edirəm ki, narkomaniyanın qarşısını almağın digər əlverişli yolu təhsil müəssisələrində, xüsusən də məktəblərdə geniş maarifləndirmə işinin aparılmasıdır. Belə ki, təhsil ocaqlarında azyaşlılar, yeniyetmələr və gənclər arasında narkomaniyanın profilaktikası mütləq və aydın başa düşüləcək tərzdə həyata keçirilməli, görülən tədbirlər onlar tərəfindən çox ciddi qəbul olunmalı və onlarda narkotiklərdən uzaq durma mövqeyinin formalaşdırılması ilə nəticələnməlidir. 

Bu bəla ilə mübarizədə vətəndaşlar da əllərindən gələni əsirgəməməli, xüsusən də ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olması üçün ciddi səy göstərməlidirlər. Sağlam düşüncəli insanlar dərk edirlər ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və sair bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcı olmaqla təkcə hər hansı bir fərd üçün deyil, eyni zamanda, bütün cəmiyyət üçün böyük təhlükədir. Odur ki, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalıyıq.

Babək Paşayev,
Goranboy rayon prokurorunun müavini,
ədliyyə müşaviri

Избранный
39
ikisahil.az

1Источники