Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Avropa Sülh Fondundan Ermənistana ikinci yardım tədbiri ilə bağlı Şuraya təklif təqdim edib.
Bu barədə Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Pedro Fonseka Moniz APA-nın sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, bu təklif əvvəlki yardım tədbirinə əsaslanır.
“Şura təklifi gələn həftələrdə nəzərdən keçirməyə başlayacaq”, – Pedro Fonseka Moniz qeyd edib.
Xatırladaq ki, 2024-cü ildə də Aİ Avropa Sülh Fondundan Ermənistana tranş ayırmışdı. Avropa İttifaqı Şurası tərəfindən iyulun 22-də “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım edilməsi barədə qərar qəbul edilmişdi.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə həmin vaxt Avropa İttifaqı Şurasının qərarını “yanlış və təhlükəli, regionda gərginliyin artmasına xidmət edən addım” adlandırmışdı.
Azərbaycan həmin vaxt Avropa İttifaqı Şurasının qərarı ilə göstəriləcək yardım barədə şəffaf şəkildə məlumatın açıqlanacağını gözlədiyini qeyd etmişdi.
Oxu.az