RU

“Karvan” klubunun rəsmisi: Bölgə klublarının Premyer Liqada olması Azərbaycan çempionatına marağı artıracaq

Bakı, 4 mart, AZƏRTAC

"Növbəti mövsüm Premyer Liqada komanda sayının artması bizim üçün möhtəşəm xəbər oldu".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Yevlaxın "Karvan" komandasının mətbuat xidmətinin rəhbəri Bəhruz Musayev deyib.

O bildirib ki, bölgə klublarının əsas liqada olması Azərbaycan çempionatına yüksək səviyyədə maraq qatacaq: "Klub olaraq bu qərara çox sevindik. İndi bundan sonra irəli addım atmalıyıq. Stadionun ot örtüyü ilə bağlı bizə çoxlu suallar ünvanlanır. Hava şəraiti tam düzəldikdən sonra arena ilə bağlı işlərə start verəcəyik. Ot örtüyü ilə yanaşı, daxildə də abadlıq işləri aparılacaq. Yeni bazamızın tikintisi yekunlaşmaq üzrədir. Mart ayının sonunda açılışı nəzərdə tutulur. İki mərtəbəli binadır. Birinci mərtəbəsi iş, ikinci mərtəbə isə yataq otaqlarından ibarət olacaq. Ümumilkdə 30 otaq var. Hər otaqda iki futbolçunun qalması üçün lazımi şərait yaradılıb".

Onun sözlərinə görə, növbəti mövsümün sonunadək stadion hazır vəziyyətə gətiriləcək: "Əlbəttə ki, müəyyən çatışmazlıqlar olacaq. Bu da zamanla öz həllini tapacaq. Peşəkar Futbol Liqasının əməkdaşları da bu yaxınlarda Yevlax şəhər stadionunda oldular və əskikləri bizə bildirdilər. Bunları aradan qaldırmağa çalışacağıq".

B. Quliyev klubun sponsor məsələsinə də toxunub: "Bildiyiniz kimi, I Liqada sponsoru olan 3-4 klubdan biri də "Karvan"dır. Klub prezidenti tərəfindən hər cür dəstək göstərilir. Düşünürəm ki, Premyer Liqaya vəsiqə qazansaq və daha bir sponsorla anlaşsaq, maliyyə dayaqları güclü olan kollektivə çevrilə bilərik".

Qeyd edək ki, I Liqada XVI turdan sonra 30 xal toplayan “Karvan” komandası turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Избранный
19
azertag.az

1Источники