RU

Alimlər: 2050-ci ilədək qlobal piylənmə epidemiyası baş verə bilər

Bakı, 4 mart, AZƏRTAC

Xəstəliyin qlobal yükünü tədqiq edən beynəlxalq alimlər qrupu belə qənaətə gəlib ki, siyasi islahatlar və müvafiq tədbirlər görülməzsə, 2050-ci ilə qədər dünyanın yaşlı əhalisinin yarıdan çoxu (3,8 milyard nəfər) və uşaq və yeniyetmələrin üçdəbiri (746 milyon nəfər) artıq çəkidən və ya piylənmədən əziyyət çəkəcək. Bu, qlobal miqyasda vaxtından əvvəl xəstəlik və ölüm riskini artıracaq, ictimai sağlamlıq üçün görünməmiş təhlükə yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Lancet” elmi jurnalında dərc olunmuş araşdırmada deyilir.

ABŞ-ın Vaşinqton Universitetinin Sağlamlıq Ölçmələri və Qiymətləndirilməsi İnstitutundan (IHME) tədqiqatın aparıcı müəllifi Emmanuela Qakidou deyir: “Artıq çəki və piylənmənin görünməmiş qlobal epidemiyası böyük faciə və ciddi bir sosial uğursuzluq sayıla bilər”.

Məlumatların təhlili göstərir ki, son üç onillikdə artıq çəkidən əziyyət çəkən və kökəlmiş yetkinlərin sayı 1990-cı ildəki 731 milyondan 2021-ci ildə 2,11 milyarda çatıb. Uşaq və yeniyetmələr arasında isə həmin dövrdə bu rəqəm 198 milyondan 493 milyona qədər artıb.

Piylənmiş gənclərin sayının 2050-ci ilə qədər 360 milyona çatacağı və 2021-ci ildəkinə nisbətən 121 faiz artacağı proqnozlaşdırılır.

Üstəlik, 2050-ci ildə artıq çəkili və şişmanların təxminən dörddəbiri 65 yaşdan yuxarı olacaq. “Bu, artıq həddən artıq yüklənmiş səhiyyə sistemlərinin yükünü daha da artıracaq və resursları məhdud olan ölkələrdə sağlamlıq sektoru üçün dağıdıcı nəticələrə səbəb olacaq”, -deyə araşdırmada bildirilir.

Piylənmə problemi ilə üzləşən gənclərin sayı 1990-cı ildən bəri üç dəfə artaraq 2021-ci ildə 174 milyona çatıb. Bu rəqəmin xüsusən də Səhra regionunda, cənub-şərqi Afrika, Asiya və Latın Amerikasında 2050-ci ilə qədər davamlı artacağı gözlənilir

Ən yüksək piylənmə Okeaniya, Şimali Afrika və Yaxın Şərqdə müşahidə olunur. Məsələn, Nauru və Tonqada yetkin qadınların 70 faizindən çoxu bu problemi yaşayır. ABŞ-da kişilərin təxminən 42 faizi və qadınların 46 faizi piylənməyə məruz qalıb.

Tədqiqat göstərir ki, əvvəllər artıq çəki və piylənmədən az təsirlənən, başqaları ilə müsbət dərəcədə müqayisə oluna bilən ölkələrdə daha da böyük artım müşahidə olunur: Yunanıstanda 2050-ci ilə qədər artıq çəkidən və piylənmədən əziyyət çəkən qadınların nisbəti 66,8 faizə, kişilər arasında isə 82,5 faizə çata bilər.

2050-ci ildə Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Suriyada 25 yaşdan yuxarı insanların 94 faizinin artıq çəki və ya piylənməyə məruz qalacağı gözlənilir.

Tədqiqatın müəllifləri piylənmənin artmasını səhiyyə siyasətindəki qlobal uğursuzluqlar və effektiv profilaktik tədbirlərin görülməməsi ilə əlaqələndirirlər. Piylənmə 2-ci tip şəkərli diabet, ürək-damar xəstəlikləri, hipertoniya və bəzi xərçəng növlərinin inkişaf riskini artırır. Xüsusilə narahatlıq doğuran fakt ondan ibarətdir ki, piylənmə artıq daha erkən yaşlarda inkişaf edir və bu, uzunmüddətli sağlamlıq nəticələrini pisləşdirir.

Tədqiqatçılar qlobal piylənmə epidemiyasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırlar.

Избранный
33
azertag.az

1Источники