RU

BMT Uqandada Ebola infeksiyasının qarşısını almaq üçün vəsait toplamağa çağırır

Bakı, 4 mart, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatı Uqandada iki nəfərin ölümünə səbəb olan Ebola epidemiyasına cavab tədbirlərini maliyyələşdirmək üçün 11,2 milyon dollar məbləğində təcili vəsait üçün müraciət edib.

AZƏRTAC xəbər verir ki, vəsaitin toplanması çağırışı ABŞ-ın xarici yardımı kəsməsi səbəbindən Uqandanın səhiyyə büdcəsinin təzyiqə məruz qalmasından sonra edilir.

Şərqi Afrika ölkəsi olan Uqandanın yeganə milli xəstəxanasında tibb bacısının vəfatından sonra yanvar ayında paytaxt Kampalada yüksək yoluxucu xəstəliyin baş verdiyi elan edilib. Bu barədə “Reuters” agentliyi xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatı ölkənin səhiyyə nazirliyinə istinadla məlumat verib ki, Ebola qızdırması olan ikinci xəstə - dörd yaşlı uşaq ötən həftə dünyasını dəyişib.

Uqandada təsdiqlənmiş on hadisə peyvəndi olmayan Sudan Ebola ştammı ilə bağlıdır.

BMT çərşənbə axşamı yaydığı bəyanatda bu vəsaitin mart ayından may ayına kimi yeddi yüksək riskli bölgədə Ebola ilə mübarizə üçün istifadə olunacağını bildirib.

Uqandanın ÜST-dəki nümayəndəsi Kasonde Mvinqa bildirib ki, məqsəd epidemiyanın qarşısını sürətlə almaq və onun ictimai sağlamlığa, eləcə də təsirlənmiş insanların sosial-iqtisadi həyatına təsirini aradan qaldırmaqdır.

Uqanda, ənənəvi olaraq, səhiyyə sistemini maliyyələşdirmək üçün ABŞ-a güvənir.

ABŞ səfirliyinin hesabatına görə, 2022-2023-cü illərdə ən son Ebola epidemiyası zamanı Birləşmiş Ştatlar böhranlı vəziyyətin idarə edilməsi, müşahidə, diaqnostika, laboratoriyalar, infeksiyaların qarşısının alınması və nəzarəti, habelə digər fəaliyyətlər üçün 34 milyon dollar maliyyə vəsaiti ayırıb.

Amma Prezident Donald Tramp administrasiyası yardımın dondurulmasını tələb edib və ABŞ-ın Uqandanın səhiyyə sisteminə maliyyəsi kəsilib, bu da ölkənin səhiyyə büdcəsinə ziyan vurub. Bunu hökumət rəsmiləri deyirlər.

Избранный
35
azertag.az

1Источники