RU

"Yaz mövsümü kənd təsərrüfatı üçün strateji dövrdür" - QHT sədri Zülfiyyə Nuriyeva

“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a verdiyi açıqlamada yaz mövsümünün kənd təsərrüfatı və aqrar sahə üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.

O bildirib ki, bu dövr kiçik sahibkarlar və fermerlər üçün ən məhsuldar vaxtdır:

"Torpağın yenidən əkinə hazırlanması, hansı məhsulların əkiləcəyinin müəyyən edilməsi və toxumların alınması üçün indi ən uyğun zamandır. Bu gün sahibkarlar öz təsərrüfatlarını inkişaf etdirmək və gələcək məhsuldarlığı təmin etmək üçün mühüm qərarlar qəbul etməlidirlər. Yazda torpaq oyanır, canlanır və bu prosesin nəticəsi sahibkar üçün gəlirə çevrilməlidir. Sahibkar nə qədər yatırım edərsə, o qədər də məhsul əldə edəcək və bazara çıxaracaq."

Zülfiyyə Nuriyeva qeyd edib ki, Azərbaycanın daxili bazarının təmin olunması baxımından sahibkarların bazar araşdırması aparması vacibdir. Fermerlər beynəlxalq bazarlara çıxış imkanlarından da yararlanmalıdırlar. Xüsusilə Hindistan, Yaponiya və Çin bazarlarında Azərbaycan məhsullarına maraq böyükdür.

"Biz artıq yalnız Rusiya bazarı ilə məhdudlaşmırıq. Hindistana qədər çıxan məhsullarımız var. Bu baxımdan sahibkarlar əkin sahələrini bazar tələblərinə uyğun hazırlamalıdırlar. Ölkəmizin müəyyən bölgələri spesifik kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün əlverişlidir – nar, xurma, taxılçılıq, pambıqçılıq və üzümçülük bu sıraya daxildir. Yaz mövsümü isə bu sahələrdə ən aktiv fəaliyyət dövrüdür."

Zülfiyyə Nuriyeva kənd təsərrüfatı ilə məşğul olan sahibkar və fermerlərə bol məhsul və uğurlar arzulayıb:

"İnşallah, bazarlarımız daha çox yerli və orqanik məhsullarla təmin olunsun. Fermerlərimizin zəhməti bol ruzi ilə nəticələnsin."

 

Pərvanə Fərhadqızı

QHT.az

Избранный
44
qht.az

1Источники