İslamabad, 4 mart, Hilal Əhməd, AZƏRTAC
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu yaxınlarda Azərbaycana səfəri zamanı imzalanmış anlaşma memorandumlarının və sazişlərin tezliklə həyata keçirilməsini təmin etmək üçün komitə yaradıb.
AZƏRTAC xəbər verir ki, komitəyə Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri senator Məhəmməd İshaq Dar rəhbərlik edəcək. Komitə iki ölkə arasında enerji və infrastruktur sektorlarında sazişlər hazırlayacaq.
Pakistanın Baş naziri müvafiq orqanlara Pakistan-Azərbaycan ticarətinin cari həcmini 2 milyard dollara çatdırmaq üçün fəaliyyət planı təqdim etməyi tapşırıb.
İclas iştirakçılarına məlumat verilib ki, Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri zamanı birgə biznes forum keçirilib və iki ölkə arasında 10 saziş, memorandum imzalanıb və mübadilə edilib, bir niyyət protokolu imzalanıb.
Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprel ayında Pakistana səfəri ilə bağlı bütün hazırlıq işlərinin başa çatdırılmasını da tapşırıb.
Baş nazir iki ölkə arasında çoxillik dostluq əlaqələrinin olduğunu vurğulayıb.