Milli Aviasiya Akademiyasının rektoru və Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayev Bakıda keçirilən Ümümdünya Mühəndislik Günü tədbirinin iştirakçılarına müraciət edib.
Müraciətdə deyilir:
Hörmətli tədbir iştirakçıları,
mühəndislər və gələcək mühəndislər!
Sizi 4 mart - Ümumdünya Mühəndislik Günü münasibəti ilə təbrik edirəm, fəaliyyətinizdə uğurlar və tədbirin səmərəli keçirilməsini arzulayıram.
2019-cu ildə UNESCO-nun 40-cı Baş Konfransında martın 4-nün Dayanıqlı İnkişaf Naminə Ümumdünya Mühəndislik Günü kimi elan edilməsi ilə bağlı qərar qəbul edilib. 2020-ci ildən başlayaraq hər il 4 mart Dünyanın Dayanıqlı İnkişafı üçün Mühəndislik Gunü kimi qeyd olunur. Biz də Azərbaycan Mühəndislik Akademiyası olaraq UNESCO-nun nəzdində Ümumdünya Mühəndislik Təşkilatları Federasiyasının 2023-ci ildən tam hüquqlu üzvü kimi bu bayramı öz həmkarlarımızla birlikdə təntənəli qeyd edirik.