Son günlər Rusiya-Ukrayna münasibətlərində gərginlik artmaqdadır. ABŞ Prezidenti Donald Trump ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan görüşlər də bu gərginliyə əlavə dinamika qatır.
ABŞ Prezidenti Donald Trump Ukraynaya verilən hərbi yardımı dayandırıb. Bu addımın məqsədi Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə sülh danışıqlarını sürətləndirmək üçün təzyiq göstərməkdir. Lakin bu qərar, bəzi tənqidçilər tərəfindən Ukraynanın müdafiə qabiliyyətini zəiflədə biləcəyi və Rusiya Prezidenti Vladimir Putinə üstünlük verəcəyi üçün tənqid olunur.
Bundan əlavə, Trump və Zelenski arasında Oval Ofisdə keçirilən görüşdə gərgin anlar yaşanıb. Trump, Zelenskini ABŞ-ın dəstəyinə kifayət qədər minnətdarlıq göstərməməkdə ittiham edib və Ukraynanın sülhə nə dərəcədə sadiq olduğu barədə suallar qaldırıb. Trump, "Biz sülh axtarırıq, sülh etməyəcək birini axtarmırıq" deyə bildirib.
Rusiya-Ukrayna münaqişəsinin irəliləyən dğvürlərdki aqibəti necə dəyişəcək?
Məsələ ilə bağlı politoloq Tural İsmayılov News24.az-a açıqlamasında bildirib ki, Ukraynada baş verən hadisələr Qərbin artıq Rusiya-Ukrayna münaqişəsinə yanaşmasında ciddi konseptual fərqlər ortaya qoyduğunu göstərir. Onun sözlərinə görə, Trump-ın və Avropa liderlərinin Zelenskiyə münasibəti tamamilə fərqlidir:
“Ən azından Trampın Zelenskini qəbul edərkən ortaya qoyduğu mövqelərlə Avropada Zelenskini qəbul edərkən bildirilən münasibət tamamilə fərqlidir. Trump hələ hakimiyyətə gəlməmişdən əvvəl Rusiya-Ukrayna münaqişəsinə öz yanaşmasını və mövqelərini ifadə etmişdi. Buradan aydın olurdu ki, Ukraynanın təbii sərvətlərini istismar etmək və yanaşmaları dəyişdirmək üçün ABŞ rəhbərliyinin Ukrayna ilə münasibətlərində müəyyən problemlər yaranacaq. Çünki Amerika artıq Ukraynaya milyonlarla dollar vermək istəmir.”
Politoloq qeyd edir ki, Donald Trump bir müddət əvvəl Ukraynaya verilən hərbi yardımı müvəqqəti dondurduğunu və bu münaqişəyə fərqli yanaşacağını açıq şəkildə bildirmişdi. O, Zelenskini qəbul edərkən ABŞ-ın Ukraynaya hərbi yardımları davam etdirmək niyyətində olmadığını da qeyd edib. Bu, ABŞ-ın münaqişəyə olan baxışında ciddi dəyişikliklərə işarə edir:
"Avropa münaqişəyə fərqli yanaşır və müharibənin davam etməsini istəyir. Onun fikrincə, Qərb Ukraynanın taleyinə deyil, yalnız öz maraqlarına fokuslanıb. Avropanın münaqişəyə baxış bucağı fərqlidir. Avropa istəyir ki, müharibə daha 1 il davam etsin. Çünki daha çox müharibə ilə Rusiyaya təsir imkanlarını daha da çoxaldacaq. Ortada isə yenə istismar olunmuş vəziyyətdə Ukrayna qalacaq. Görünür ki, Ukraynanın taleyi Avropanın vecinə deyil.”
Tural İsmayılovun sözlərinə görə, son hadisələr onu göstərir ki, Rusiya-Ukrayna müharibəsi təkcə iki ölkə arasındakı münaqişə deyil, həm də Qərbin geosiyasi maraqlarını əks etdirən genişmiqyaslı bir böhrandır. Avropa Birliyi və ABŞ arasındakı fərqli baxışlar isə müharibənin gələcək taleyi ilə bağlı qeyri-müəyyənliyi daha da artırır.
İlham