RU

Matias Olivera daha 5 il “Napoli”də!

İtaliyanın “Napoli” klubu Uruqvay millisinin də üzvü olan sol cinah müdafiəçisi Matias Olivera ilə müqaviləsinin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni müqaviləyə əsasən, 27 yaşlı müdafiəçi 2030-cu ilə qədər A Seriyası komandasının şərəfini qoruyacaq. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu ilin yayında bitəcəkdi.

Xatırladaq ki, Matias Olivera Uruqvayın “Nasional” klubunun yetirməsidir. “Atenas”, “Albasete” kimi klubların da formasını geyinmiş futbolçunun karyerasının böyük hissəsi “Xetafe”də keçib. O, “Napoli”yə 2022-ci ilin yayında 16,5 milyon avro qarşılığında məhz İspaniya klubundan keçib.

Matias cari mövsümdə meydana çıxdığı 22 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb. Bütövlükdə isə o, “Napoli”nin heyətində 90 oyun keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.

Uruqvayın U-20 yığmasında da oynamış futbolçu 2022-ci ilin yanvarında əsas millidə debüt edib. Matias Uruqvay yığmasında meydana çıxdığı 26 oyunda 2 qol vurub, 1 assist müəllifi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Избранный
38
arena.az

1Источники