RU

Güclü qadın, qüdrətli dövlət və uğurlu gələcək…

İradə və mərdliyi, saflığı və sədaqəti, zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadını tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşaraq inkişaf etməsində, eləcə də ümumi tərəqqisində müstəsna rol oynayıb və oynamaqdadır

8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Bu günün bayram kimi qeyd edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən 2-ci Beynəlxalq konfransında qərara alınıb. Beynəlxalq Qadınlar Günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün martın 8-də keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və digər ölkələrin qadınlarının öz həmrəylik gününü məhz bu tarixdə qeyd etməsindən sonra ənənə halını aldı. Həmin vaxtdan bütün ölkələrdə qadınlar 8 Martı sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər.  Tarixə nəzər salsaq görərik ki, dünyada qadına seçki hüququnu verən ilk dövlət 1893-cü ildə Yeni Zelandiya olub. Avropada qadınların səsvermə hüququnu tanıyan ölkərin sırasında başda Norveç, Finlandiya və İslandiya kimi ölkələr gəlir. Məlumat üçün xatırladaq ki, hazırda hələ də  bəzi ölkələrdə qadınlar ya qismən, ya da tamamilə seçki hüququndan məhrum edilmiş durumdadırlar.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbiti ilə yanaşı, həm də Şərqdə ilk dəfə qadına səsvermə imkanı vermiş oldu. Müqayisə üçün xatırlatmaq yerinə düşərdi ki, ABŞ-da qadınlara ilk dəfə 1920-ci ildə seçmək hüququ verilib. İndi Avropanın qabaqcıl ölkələrindən sayılan Fransada qadınların səsvermə hüququ yalnız 1944-cü ildə, İsveçrədə isə 1971-ci ildə qəbul edilib... Azərbaycan Xalq Cümhuriyyəti dönəmində bu mütərəqqi addımın atılması həmin dövrdə Şərqin ilk müstəqil respublikasının hüquqi dövlət quruculuğu yolunda əzmlə irəliləməsinin, həm də ölkədə gender bərabərliyinin təmin olunmasının parlaq göstəricisi idi.  

Çağdaş dövrümüzdə Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib və zərif cinsin nümayəndələri ana olmaqla yanaşı, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya aləmində, iş dünyasında, mədəniyyət sahəsində, elmdə, təhsildə, səhiyyədə və digər mühüm sferalarda öz sözünü deməkdədir. Bunun ən önəmli səbəblərindən biri Azərbaycanın milli-mənəvi dəyərlər sistemi ilə bağlıdırsa, digər vacib məqam kimi dövlət tərəfindən həyata keçirilən qadın, gender siyasətidir. Müstəqil Azərbaycanın yeni tarixində bu siyasətin banisi Ümummilli Lider Heydər Əliyev olub. Ümumiyyətlə, Ulu Öndər fəaliyyətində qadın hüquqlarının təminatı, onların üzləşdiyi problemlərin həllində daim prinsipial mövqe nümayiş etdirib, ictimaiyyətin də bu istiqamətdə səfərbər olunması məqsədilə əməli addımlar atıb. Hələ sovetlər dönəmində qadın məsələlərinin həlli və qadın inkişafı haqqında mövcud olan konsepsiyada diqqətdən kənarda qalan amillər, milli və ənənəvi xüsusiyyətlər Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi birinci dövrdə nəzərə alınır, real həyatda tətbiq olunurdu. Cəmiyyətdə qadınların roluna yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev qeyd edirdi: "Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar".

Ümummilli Liderin xalqın istək və iradəsinə uyğun olaraq müstəqil Azərbaycana rəhbərlik etməsindən sonra digər sahələrlə yanaşı, qadın problemlərinin həlli istiqamətində də keyfiyyət etibarilə yeni mərhələ başladı. Ölkədə formalaşan demokratik mühit yeni qadın birliklərinin, cəmiyyətlərinin yaranmasına təkan verdi, qadın hərəkatlarına bir ruh yüksəkliyi gətirdi. Azərbaycan 1995-ci il iyunun 30-da Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyasına qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürdü. Eyni zamanda, qadınların cəmiyyətin bərabərhüquqlu üzvü kimi yaradılan bütün imkanlardan istifadə etmələri, dövlət idarəçiliyində önə çəkilmələri, onlara qarşı diskriminasiyanın bütün formalarının aradan qaldırılması istiqamətində mükəmməl hüquqi baza formalaşdırıldı. Ulu Öndərin banisi olduğu müasir müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakına ali hüquqi zəmini yaratdı.

Yeni yüzillikdə də sürətlə qloballaşan müasir dünyaya inteqrasiya olunan demokratik Azərbaycan dövlətində qadın siyasəti yenə prioritet istiqamətlər sırasındadır. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev qadınların cəmiyyətin həyatında daha fəal iştirakına yönələn siyasəti uğurla aparmaqda, buna xidmət edən hüquqi bazanı zamanın tələblərinə uyğun olaraq daha da zənginləşdirməkdədir. Bu kontekstdə cənab Prezidentin təşəbbüsü ilə 2006-cı ildə qəbul edilən "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanunu, elə həmin il dövlət başçısının müvafiq sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılması və digər halları qeyd etmək mümkündür. Hər il Beynəlxalq Qadınlar Günü münasibətilə Prezident İlham Əliyevin Azərbaycan xanımlarına ünvanladığı təbrikdə qadınların cəmiyyətdə oynadıqları rola yüksək qiymət verilir, onların fəaliyyəti təqdir olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olmasının bariz nümunəsidir.

Dörd ildir ki, Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq. Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yolunu gözlədikləri və yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmişdir. Dövlətçiliyimizə ən böyük töhfə də, heç şübhəsiz, qırx dörd günlük müqəddəs Vətən müharibəsindəki qəhrəmanlığı və şücaəti əsla yaddaşlardan silinməyəcək bu gənc nəsildir. Gözünü açıb Azərbaycanı azad və müstəqil görmüş həmin rəşadətli nəsildir ki, ümidləri doğruldaraq ədalətin bərpa edilməsində, uzun həsrətdən sonra Qarabağın Ana Vətənə qovuşmasında və məğrur xalqımıza hüdudsuz Zəfər sevincinin yaşadılmasında müstəsna payı vardır.

Sevinc Azadi, “İki sahil”

Избранный
93
50
ikisahil.az

10Источники