RU

Şahin Rəcəbov: “Məktəb proqramı ilə imtahan sualları arasındakı fərqlər uşaqların hazırlığının effektivliyinə mənfi təsir edir”

“Valideynlərin övladlarından yüksək nəticələr gözləməsi onların psixologiyasına çox böyük təsir edir. Uşaqlar bəzən bu gözləntilərə cavab verməkdə çətinlik çəkirlər və nəticədə, ciddi stress yaşayırlar”

 

TehsilForumu.Az xəbər verir ki, bu barədə xeberlenti.com-a Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Şahin Rəcəbov açıqlama verib.

 

Şahin Rəcəbov, təhsil sistemindəki müasir problemləri və uşaqların üzləşdiyi psixoloji gərginlikləri müzakirə edərkən, valideynlərin övladlarından yüksək nəticələr gözləməsinin psixoloji təsirlərini vurğulayıb. O, məktəbdənkənar təhsil xidmətlərinə və hazırlıq kurslarına artan tələbatın valideynlərə əlavə maddi çətinlik yaratdığını,  bunun da uşaqların psixoloji vəziyyətini daha da gərginləşdirdiyini qeyd edib:

“Valideynlər övladlarından yüksək nəticə göstərməsini tələb edir və bu da onların psixoloji təzyiqini daha da artırır. Yaranan arzuolunmaz situasiyada abituriyentlərin özünə inam hissini itirməsinə və daha böyük sarsıntılara məruz qalmasına yol aça bilər.”

 

Ş.Rəcəbov həmçinin, uşaqların hazırlıq dövründə mənimsədikləri biliklərini valideynlərin tələbləri və ondan dolayı yaranan psixoloji təzyiqlərin əvəzlədiyini, bunun isə ağır nəticələrə gətirib çıxara biləcəyini vurğulayıb:

 

“Təbiidir ki, abituriyetlərin hər zaman yüksək nəticə əldə etməsi mümkün olmur. Amma bu, heç də onların dəyərsiz və uğursuz olduqlarını göstərmir. Abituriyentlər və onların valideynləri unutmamalıdırki, imtahan yalnız bir sınaqdır. Gənclərimizə bu stresslə mübarizə aparmaq və gələcəkdə daha yüksək nəticə əldə etmək inamını aşılamalıyıq”. 

 

Müsahibimiz valideynlərə öz emosional vəziyyətlərinə diqqət etmələri və uşaqlarına psixoloji dəstək vermələrinin vacibliyini bildirib:

 

“Valideynlər övladlarına doğru yanaşma tərzi ilə onların özünə inamını artıra və onlara motivasiya verə bilərlər. Uşaqlar yalnız dərslərində deyil, həm də psixoloji və sosial baxımdan dəstəyə ehtiyac duyurlar.”

 

Təhsil sistemindəki uyğunsuzluqlardan danışan Rəcəbov, məktəb proqramı ilə Dövlət İmtahan Mərkəzinin test proqramları arasındakı fərqlərin şagirdlərdə narahatlıq yaratdığına da diqqət çəkib:

 

“Məktəb proqramı ilə imtahan sualları arasındakı fərqlər uşaqların hazırlığının effektivliyinə mənfi təsir edir. Bu da nəticədə daha çox stress və narahatlıq yaradır.”

O, təhsil sahəsindəki problemlərin həlli üçün ekspertlərin və təhsil orqanlarının sıx əməkdaşlıq etməsini və daha sistemli bir yanaşma tətbiq edilməsini təklif edib.

 

Şahin Rəcəbov xüsusilə vurğulayıb ki, imtahan başlamazdan əvvəl psixoloqlar abituriyentlərə öz tövsiyələrini verməli, onların psixoloji balansını təmin etməli və imtahana hazırlıqlarını düzgün şəkildə dəstəkləməlidir. Beləliklə, onlar imtahana hazırlıq müddətində əldə etdikləri biliklərə köklənərək, asanlıqla təqdim olunan sualları cavablandıra bilərlər.

 

Aymirə Ağamirova

Избранный
36
tehsilforumu.az

1Источники