Böyük Britaniyanın Baş naziri Keir Starmer və Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampa müharibənin həlli üçün vahid plan təqdim etmək məqsədilə gələn həftə Ukrayna Prezidenti Vladimir Zelenski ilə birlikdə Vaşinqtona getməyə hazırlaşırlar.
“AzPolitika”xəbər verir ki, bu barədə “Daily Mail” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.
Zelenski də öz növbəsində X-də (Twitter) paylaşım edib və orada "müharibəyə son qoymaq üçün tez işləməyə hazır olduğunu" vurğulayıb, hətta mineral ehtiyatlara dair sazişi imzalamağa hazır olduğunu bildirib:
Trampla məlum qalmaqallı görüşü nəzərdə tutan Zelenski yazıb: "Bunun baş verməsi təəssüf doğurur. Hər şeyi düzgün etməyin vaxtıdır. Biz istərdik ki, gələcək əməkdaşlıq və ünsiyyət konstruktiv olsun".
Bildirilir ki, onun bu bəyanatı Starmerlə telefon danışığından sonra verilib. İddia olunur ki, Britaniya lideri Zelenskiyə Amerika dəstəyini qazanmaq üçün Trampla münasibətləri düzəltməyin vacibliyi barədə xəbərdarlıq edib.
Starmer daha sonrakı çıxışında Ukrayna liderinin “sülh axtarışına sarsılmaz sadiqliyini” alqışladığını bildirib.
“AzPolitika.info”