Bakı, 5 mart, AZƏRTAC
Vaşinqton Panama kanalına nəzarəti bərpa etmək üçün fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə Konqresə müraciəti zamanı bildirib.
O bu məsələyə ABŞ-ın Dövlət katibi Marko Rubionun cavabdeh olduğunu bildirərək deyib: “Bu gün Birləşmiş Ştatların böyük şirkəti Panama kanalı yaxınlığındakı hər iki limanı satın aldığını elan edib”.
Honkonqda yerləşən “CK Hutchinson” şirkəti də kanaldakı limanları satdığını etiraf edib.
Xatırladaq ki, Donald Tramp ABŞ Prezidenti vəzifəsinə başladığı gün Panama hakimiyyətinin kanalın idarə edilməsində öz öhdəliklərini yerinə yetirmədiyini və Vaşinqtonun ona nəzarəti qaytaracağını bildirmişdi.
Daha sonra ABŞ-ın Dövlət katibi Marko Rubionun Panama səfərindən sonra Donald Tramp Çin şirkətlərinin Panama kanalında olması problemini tez bir zamanda həll edəcəyini vurğulayıb.