RU

"“Böyük Qayıdış”la bağlı dövlət proqramı uğurla davam etdirilir" - ŞƏRH EDİLDİ

"“Böyük Qayıdış” proqramı Azərbaycan dövlətçiliyinin tarixində mühüm yer tutan yeni bir mərhələnin başlanğıcından xəbər verən ciddi tarixi prosesdir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

O bildirib ki, proses nəinki indi, nəinki yaxın illərdə, uzaq gələcəkdə belə həmişə xatırlanacaq: "Ata-baba yurdlarında məskunlaşanların nəvə-nəticələri də “Böyük Qayıdış”a öz dəyər və qiymətini verəcəklər. 2020-ci il - Vətən müharibəsi qələbə ilə bitəndən sonra, cənab Prezident “Böyük Qayıdış”ın anonsunu verdi və işğaldan azad olunmuş torpaqlarımızda təhlükəsizlik təminatlarının yaranması, minaların, partlamamış hərbi sursatların zərərsizləşdirilməsi və “Böyük Qayıdış”a hazırlıq prosesinin əsası olan infrastruktur layihələrinin icrası üçün tapşırıqlarını verdi və hər gün bu tapşırıqların icrasına nəzarət etməkdədir. Biz qısa müddət ərzində Şuşaya “Zəfər yolu”nu çəkdik və bunun ardınca digər infrastruktur layihələri həyata keçirilməyə başlandı. Qaz, işıq, yol, körpü, o cümlədən, dəmiryolu, aeroportların tikilməsi sosial obyektlərin, yaşayış mənzillərinin, məntəqələrin, şəhərlərin planlaşdırılmasına çox ciddi əsaslar vermişdir. Nəhayət “Böyük Qayıdış”la bağlı dövlət proqramı qəbul olundu və bu proqramın icrası uğurla davam edir. Son 4 ildə ölkə büdcəsindən 20 milyard manatdan çox vəsait xərclənmişdir. İşğaldan azad olunmuş bütün şəhərlərimizin baş planları işlənib hazırlanmış, bir çox şəhər və rayon mərkəzlərində həyat qaynamaqdadır. Şuşa, Ağalı, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcərə ilk sakinlər köçmüş, Cəbrayıl, Füzuli, Ağdama isə vətəndaşların məskunlaşması davam etməkdədir".

Millət vəkili vurğulayıb ki, infrastruktur layihələri olduqca vəsait, vaxt aparan, əziyyət tələb edən işlərdir, amma bunları yerinə yetirmişik: "Artıq Füzuli, Zəngilanda hava limanları fəaliyyət göstərir, Laçında isə hava limanı istifadəyə verilmə ərəfəsindədir. Eyni zamanda bu ərazilərdə insanların yaşayıb, işləməsi üçün iş yerlərinin açılması və bunların mədəni-sosial həyatının təminatının təmin edilməsi üçün obyektlərin tikilməsi diqqət mərkəzindədir. İndiyə qədər 20 mindən çox sakin orada məskunlaşmış və bu illər ərzində 40 min soydaşımızın ora köçəcəyi gözlənilir. Sosial həyatın təmin olunması üçün mədəniyyət mərkəzləri, məktəblər, xəstəxanalar, idman kompleksləri tikilib və istifadəyə verilib və istifadə verilmə ərəfəsindədir. Eyni zamanda Xankəndində “Qarabağ universiteti”nin açılması, bölgəyə yeni həyat bəxş etmişdir. Düşünürəm ki, qısa müddət ərzində “Qarabağ universiteti” beynəlxalq əhəmiyyət daşıyan universitetlər sırasına daxil olacaq. Bununla yanaşı, bir çox insanların məskunlaşmasını şərtlərinin normaya salınması üçün, cəlbediciliyi artırmaq üçün vergi, sosial güzəştlər müəyyən edilmişdir. 10 il müddət ərzində orada yaşayan və işləyən insanlar vergilərdən azad olunub, sosial sığorta haqları isə dövlət vəsaiti hesabına təmin ediləcək. Bundan əlavə, məzuniyyət müəyyənləşdirilmiş, işə başlayan hər bir şəxs üçün birdəfəlik müavinət müəyyənləşdirilmiş və həyata keçirilmişdir. Demək olar ki, orada yaşayan hər bir ailənin üzvü işlə təmin olunmuş, məşğulluq proqramı getdikcə genişlənməkdədir.

Milli Məclisin qəbul etdiyi qanuna əsasən, orada məskunlaşan sakinlərin torpaq payı ilə təmin edilməsi prosesinə başlanılıb. Şübhəsiz ki, qarşıya qoyulan vəzifələrdən biri Zəngəzur dəhlizinin açılmasıdır və bu dəhliz açıldıqdan sonra bu bölgənin əhəmiyyəti artacaq. Burada həm turizm, həm kənd təsərrüfatının, həm də nəqliyyat kommunikasiya sektronun inkişafı üçün geniş perspektivlər yaranacaq. Proseslər cənab Prezidentin nəzarəti altında inkişaf edir, 2026-cı ilin sonuna qədər Qarabağ, Şərqi Zəngəzurda 140 min insanın daimi məskunlaşması nəzərdə tutulur".

Müəllif: Banuçiçək Hüseynli
Избранный
15
sia.az

1Источники