RU

Misir Qəzzanın Yenidən Qurulması Üçün Hərəkətə Keçdi

BAKI,TurkicWorld

Misirin Xarici İşlər Naziri Bədr Əbdülati, Qəzza Zolağının yenidən qurulması planında koordinasiyanı təmin etmək üçün ABŞ və Avropa ilə təmasda olduqlarını açıqlayıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Qahirədə keçirilən Ərəb Liqası Zirvəsindən sonra mətbuat konfransı təşkil edən Əbdülati, ölkəsinin Qəzza Zolağının yenidən qurulması və inkişafı üçün ətraflı bir plan hazırladığını bildirib.

Misirin, Qəzzanı yenidən qurmaq planını həyata keçirmək üçün bütün mümkün dəstəkləri səfərbər etməyə çalışdığını vurğulayan Əbdülati, planın reallaşdırılması üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsinin vacibliyini qeyd edib.

Ölkəsinin hazırladığı planın detalları barədə danışan Əbdülati, bu planın evlərini itirən fələstinlilər üçün təcili və müvəqqəti yaşayış yerlərinin təmin olunması, sosial müdafiə proqramları və 200 min daimi yaşayış yerinin inşasını əhatə etdiyini bildirib.

O, qeyd edib ki, yenidənqurma planı əsas xidmətlərin bərpası və yolların təmirindən əlavə, balıqçı limanı, ticarət limanı və beynəlxalq hava limanının tikintisini də nəzərdə tutur.

Nazir əlavə edib ki, Qəzza Zolağının yenidən qurulması planında koordinasiyanı təmin etmək məqsədilə Misir ABŞ və Avropa ilə təmaslarını davam etdirir.

O, planın Ərəb Liqası Zirvəsində təsdiqləndiyini və Ərəb ölkələri tərəfindən qəbul edilmiş rəsmi bir plan halına gəldiyini bildirib. Eyni zamanda, plana beynəlxalq dəstək axtardıqlarını və onun 7 mart Cümə günü keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nazirlər toplantısında təqdim ediləcəyini qeyd edib.

Nazir Əbdülati, Misirin Qəzzanın yenidən qurulması planının beynəlxalq bir layihəyə çevrilməsi üçün ciddi səylər göstərməli olduğunu vurğulayıb.

Избранный
32
turkic.world

1Источники