RU

Azərbaycanda töhmət almış məmurlar kimlərdir? - Hələ də vəzifədədirlər...

Xəbər verdiyimiz kimi, Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə İlham Əliyev tərəfindən şiddətli töhmət elan edilib. İlham Əliyev tərəfindən məmurlara töhmət və şiddətli töhmət verilməsi nadir hallarda baş verir və bu cəza tədbiri əsasən ciddi nöqsanlara görə tətbiq edilir.  Bu səbəbdən xəbər ictimaiyyətdə müzakirələrə səbəb olub. Mövzunun aktuallığını nəzərə alaraq prezident tərəfindən töhmət elan edilmiş bəzi məmurlar və onların sonrakı taleləri haqqında məlumatı təqdim edirik. Balababa Rzayev 2024-cü il oktyabrın 5-də Baş nazir Əli Əsədovun sərəncamı ilə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə şiddətli töhmət elan edilib. B.Rzayev hələ də tutduğu vəzifədə çalışır. Nahid Bağırov 2020-ci il aprelin 21-də Prezident İlham Əliyev tərəfindən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edib. N.Bağırov hələ də tutduğu vəzifədə çalışır. Oqtay Şahbazov 2017-ci il avqustun 21-də Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Oqtay Qəşəm oğlu Şahbazova xidməti vəzifəsinin icrasında yol verdiyi nöqsana görə töhmət elan edilib. O, 2021-ci il 26 yanvar tarixindən tutduğu vəzifədən azad edilib, hazırkı fəaliyyəti ilə bağlı isə məlumat yoxdur. Qeyd edək ki, O.Şahbazov energetika naziri Pərviz Şahbazovun atasıdır. Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının üzvü və deputat Siyavuş Novruzov da COVID-19 pandemiyası dövründə karantin rejiminin tələblərini kobud şəkildə pozduğuna görə partiya tərəfindən töhmət alıb. O, həmin dövrdə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin övladının toyunda  həyat yoldaşı, ombudsman Səbinə Əliyeva ilə iştirak edib ki, bu da ictimaiyyətin kəskin narazılığına səbəb olub.  Məlumat üçün bildirək ki, Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri aşağıdakı kimidir: a) töhmət;b) sonuncu xəbərdarlıqla şiddətli töhmət;c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə;ç) əmək müqaviləsini Məcəllənin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv etmək. Qeyd etmək lazımdır ki, töhmət və şiddətli töhmət, adətən, məmurların fəaliyyətindəki ciddi nöqsanlara görə tətbiq edilir və onların gələcək karyeralarına təsir göstərə bilir. 

Избранный
16
2
turanpress.com

3Источники