Bakı, 5 mart, AZƏRTAC
Tayvandan Ukraynaya qədər artan geosiyasi çağırışlar fonunda Çin bu il müdafiə xərclərini 7,2 faiz artıraraq 245,5 milyard dollara çatdıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə ÇXR-in mətbuatda dərc olunmuş büdcə layihəsində deyilir.
“Reuters” xəbər verir: “Xərclərin artımı ölkənin hərbi büdcəsinin rekord həddə - 231 milyard dollara yüksəldiyi ötən ildəki rəqəmə uyğundur”.
Hərbi xərclərin artırılması Çinin bu il üçün iqtisadi artım hədəfini üstələyir və bu, təxminən 5 faiz təşkil edir. Analitiklər deyirlər ki, bu, Pekinin mürəkkəb geosiyasi çağırışlar fonunda gələcək hərbi modernləşməyə təkan verdiyini əks etdirir.
Çinin Sədri Si Cinpin ordunun tam modernləşdirilməsini 2035-ci ilə qədər başa çatdırmaq niyyətindədir. Nəticədə Çin ordusu yeni raketlər, gəmilər, sualtı qayıqlar və müşahidə texnologiyaları hazırlayacaq.
Hazırda Çin 2025-ci il üçün təklif edilən hərbi büdcəsi 850 milyard dollar olan ABŞ-dan sonra dünyanın ikinci ən böyük müdafiə xərcləri olan ölkəsidir.