RU

® Meyit donordan alınan orqan köçürülməsi əməliyyatının Azərbaycanda ilk icraçısı

Cərrah-transplantoloq Kamran Beydullayev böyrək və qaraciyər transplantasiyası əməliyyatlarında donorun əməliyyatını laparoskopik (qapalı) və açıq üsulla yerinə yetirir

“Həkimlərimizi tanıyın!” rubrikasında transplantasiya sahəsində bir çox yeniliklərə imza atan ümumi cərrah və transplantoloq Kamran Beydullayevi təqdim edirik.

Kamran Beydullayev Mərkəzi Gömrük Hospitalında qaraciyər və böyrək transplantasiyası əməliyyatlarını icra edir, öd kisəsi və öd yolları, mədəaltı vəzi əməliyyatları, mədə, nazik və yoğun bağırsaq və proktoloji əməliyyatları, yırtıqlar, endokrin vəzi xəstəlikləri əməliyyatlarını, böyrəküstü vəzi əməliyyatlarını həm açıq, həm də laparoskopik yolla həyata keçirir. Laparoskopik üsulla aparılan əməliyyatlara böyrək transplantasiyası zamanı icra edilən donor əməliyyatı da daxildir.

O, canlıdan-canlıya böyrək və qaraciyər transplantasiyası əməliyyatlarında donorun əməliyyatını laparoskopik (qapalı) və açıq üsulla icra edir. Bu ilin fevral ayında meyit donordan alınan orqan köçürülməsi əməliyyatını Azərbaycanda ilk dəfə yerinə yetirib. İndi Mərkəzi Gömrük Hospitalında İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində böyrək və qaraciyər transplantasiyası əməliyyatları canlıdan canlıya və beyin ölümü keçirmiş meyitdən canlıya uğurla həyata keçirilir.

1996-cı ildə Azərbycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirəndən sonra Kamran Beydullayev cərrahiyyə üzrə internatura təhsili alıb və 2002-2007-ci illərdə Səudiyyə Ərəbistanı Prince Nasir Bin Saad Al Sudairi Hospitalında cərrah-rezident kimi çalışıb. 2007-ci ildə imtahanlarını uğurla verərək İngiltərə Kral Cərrahlar Kollecinin ümumi cərrahiyyə diplomunu alıb. O, 2008-2009-cu illərdə Türkiyənin İzmir şəhərində orqan transplantasiyası üzrə təlim keçib. Həkim barədə daha ətraflı məlumatı https://customshospital.az/kamran-beydullayev/ linkinə daxil olaraq əldə etmək olar.

Kamran Beydullayev 2007-2018-ci illərdə özəl tibb müəssisəsinin Orqan transplantasiyası şöbəsində həkim-cərrah kimi çalışıb, 2018-ci ildən etibarən isə Mərkəzi Gömrük Hospitalının Сərrahiyyə və orqan transplantasiyası şöbəsində cərrah-transplantoloq kimi fəaliyyət göstərir. O, müxtəlif elmi konfranslarda posterlərlə, elmi çıxışlarla iştirak edib və 20-ə yaxın elmi məqalənin müəllifidir. Avropa Orqan Transplantasiyası Cəmiyyətinin və Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin üzvüdür.

Xatırladaq ki, Azərbaycanda ilk dəfə Mərkəzi Gömrük Hospitalında Hepatit B və Hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına meyit donordan götürülmüş qaraciyərin köçürülməsi əməliyyatı uğurla icra olunub.

Onun ABŞ-ın nüfuzlu “Elsevier” nəşriyyatının “Transplantation Proceedings” jurnalında həmmüəlliflərdən biri olduğu iki məqaləsi dərc edilib. MDB məkanında uşaqlarda qaraciyər transplantasiyası əməliyyatlarında donor əməliyyatını ilk dəfə laparoskopik yolla icra edib.

Cərrah-transplantoloq Kamran Beydullayevin qəbuluna yazılmaq üçün (012) 404-08-08 telefon nömrəsi ilə əlaqə saxlamaq olar.

Избранный
33
azertag.az

1Источники