Aktual.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış edib.
Hikmət Nəcəfli və Surxay Əliyev məhkəmədən onlara bəraət verilməsini xahiş ediblər.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Surxay Əliyev 7 il 6 ay, Hikmət Nəcəfli isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlara 3 il müddətinə rəhbər və maddi məsul şəxs kimi vəzifə tutmaq qadağan edilib. Təqsirləndirilən şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Xatırladaq ki, dövlət ittihamçısı Surxay Əliyevin 9 il, Hikmət Nəcəflinin 9 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəmişdi.
Qeyd edək ki, təqsirləndirilən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilirlər.