Gəncə, 5 mart, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışlara, eləcə də GDU-nun İdman klubunun respublika və beynəlxalq idman yarışlarında qazandığı kubok, medal, diplom və fəxri fərmanlardan ibarət sərgiyə baxış keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən universitetin rektoru Yusif Yusibov bildirib ki, Azərbaycan idmanın geniş vüsətlə inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək perspektivlər nəzərə alınaraq maddi-texniki bazanın yaradılması üçün böyük işlər görülmüşdü. Bu gün Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində artıq Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib.
Sonra rektor ali təhsil ocağının idman sahəsində qazandığı uğurlardan söz açaraq, universitetdə yüksək dərəcəli idmançıların yetişdirilməsində GDU İdman klubunun böyük rolundan danışıb.
Çıxış edən GDU İdman klubunun sədri, Fəxri bədən tərbiyəsi və idman işçisi Xəqani Umudov diqqətə çatdırıb ki, universitetdə başqa sahələrdə olduğu kimi, idman sahəsi də rəhbərlik tərəfindən diqqət və qayğı ilə əhatə olunur.
Tarix-coğrafiya fakültəsinin tələbəsi Yeganə Əsgərova universitetdə yaradılan şəraitə və tələbələrə göstərilən dəstəyə görə rektor Yusif Yusibova minnətdarlığını bildirib.
Tədbirin sonunda bir qrup universitet əməkdaşı və tələbələr idman sahəsində əldə etdikləri nailiyyətlərə görə fəxri fərman və təşəkkürnamələrlə təltif olunublar.