Bakı, 5 mart, AZƏRTAC
“Ölkəmizdə qadınların təhsil, sahibkarlıq və əmək bazarına çıxışı son illərdə daha əlçatan olub. Onlar dünyada sülh, təhlükəsizlik, rifah və inkişaf naminə mübarizəyə töhfələr verir, güclü, inklüziv cəmiyyət quruculuğunda, ictimai həyatda daha fəal iştirak edirlər”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə söyləyib.
“Biz həyatımızın konstitusiya və suverenlik təminatı altında yeni bir dönəmindəyik. Qarşımızda işğaldan azad olan bölgələrimizin tam bərpası, keçmiş köçkünlərimizin hər birinin öz doğma yurdlarına qayıdışını reallaşdırmaqla yanaşı, Qərbi Azərbaycan əsilli soydaşlarımızın öz doğma və tarixi ərazilərinə ləyaqətli qayıdışını təmin etmək kimi vacib vəzifələr dayanır. Həmçinin, biz hamılıqla bu hədəflərimizə yetişmək kimi vacib prosesin bir parçasıyıq”, - deyə komitə sədri vurğulayıb.