RU

“Türkdilli Ölkələrin Milli Musiqi Alətləri”adlı kitabın təqdimat mərasimi keçirildi - Fotolar

Bu gün Türk Mədəniyyəti və İrsi Fondunun Bakı Musiqi Akademiyası ilə əməkdaşlıq çərçivəsində nəşr etdirdiyi “Türkdilli Ölkələrin Milli Musiqi Alətləri”adlı kitabın təqdimat mərasimi keçirilib.

Türk dünyası incəsənətinə dəyərli bir töhfə olacaq bu kitabın təqdimat mərasimi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində baş tutdu. Kitabın təqdimatında Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, deputatlar, incəsənət və mədəniyyət sahəsinin tanınmış simaları, KİV agentliklərinin əməkdaşları və başqaları iştirak edirdilər.

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti genişmiqyaslı layihəsi olan "Türk dilli ölkələrin milli musiqi alətləri" kitabı 6 türk ölkəsinin alimlərinin, incəsənətşünasları və musiqiçilərinin birgə əməyinin nəticəsidir. Təqdim olunmuş nəşrdə çoxsaylı elmi mənbələrə əsasən türkdilli xalqlar arasında ən geniş yayılmış yüzdən çox ənənəvi musiqi aləti haqqında geniş informasiya verilir. Atlas musiqişünaslar, musiqiçilər, folklorçular, orqanoloqlar üçün nəzərdə tutulmuşdur.

TədbiriNizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rəfael Hüseynov açaraq, “Türkdilli Ölkələrin Milli Musiqi Alətləri” kitabının işıq üzü görməsini əsl mədəniyyət hadisəsi adlandırdı, üstəlik, həm də siyasət hadisəsi olduğunu diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarından birində işlətdiyi “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz türk ailəsdir” sözləri zərb-məsələ çevrilib, bu kitab da ümumi türk ailəsinin formalaşmasına bir töhfədir.

Çıxışçı eyd etdi ki, kitaba hazırda mövcud olan 6 türk dövlətinin musiqi alətləri daxildir, amma haçansa Tatarıstan, Başqırdısatan, Tuva, Yakutiya və digərləri kimi daha 20 potensial türk dövlətinin də musiqi alətləri daxil olmaqla daha böyük kitab hazırlanmalıdır.

Rafael Hüseynovun çıxışında xüsusi maraq kəsb edən bu sözlər oldu: “Mən elan edirəm, musiqi alətlərindən ən qədimi Azərbaycana aiddir, bu, Qobustandakı qaval daşıdır ki, 15-20 min il yaşı var”.

Natiq vurğuladı ki, bu kitab Səfiyəddin Ürməvi, Əbdülqadir Marağayi və Üzeyir Hacıbəyli tərəfindən təməli qoyulmuş türk musiqişünaslığı üçün əsl töhfə sayıla bilər.

Sonra söz Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovaya verildi. Xanım Raimkulova öncə Fondun son fəaliyyət dönəmi barədə məlumat verdi. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan, Türkiyə Dövlət Başçılarının dəstəyi ilə yaradılan Türk Mədəniyyəti və İrsi Fondu Türk ölkələrinin zəngin mədəniyyətinin və irsinin, çoxəsrlik tarixinin qorunması, beynəlxalq aləmdə təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət göstərir. Fondunun Nizamnaməsinə uyğun olaraq, Fondun Şurası – ali nəzarət orqanıdır və üzvləri mədəniyyət nazirlərinin səviyyəsində təsdiq olunub. Keçən il, təşkilatın Nizamnaməsinə əsasən, Fondun fəaliyyətində ilk dəfə olaraq Azərbaycanda - Fondun mənzil qərargahında, Türk ölkələrinin mədəniyyət nazirlərinin iştirakı ilə təşkilatın ilk Şura iclası keçirilib. 2025-ci ildə isə Fondun Şurasına Qazaxıstan Respublikası sədrlik edir. Cari ilin fevral ayında, nazirlərin iştirakı ilə Astanada uğurla Fondun ikinci Şura iclasını keçirilib.

Aktotı Raimkulova bildirdi ki, Fondun 2024-cü il üzrə iş planında 25 layihə təsdiqlənmişdi, lakin Fond tərəfindən bərpa və muzeyləşdirmə, elmi və maarifləndirmə, təhsil, mədəniyyət və incəsənət, o cümlədən yaradıcılıq sahələrində 75-dən çox genişmiqyaslı layihə icra edilib.

Bişkekdə Alıkul Osmonovun ev-muzeyinin bərpası və muzeyləşdirilməsi işləri, ”Türk Dünyasına baxış – 2040” və «TURKTIME» strateji sənədlərinə əsaslanan Türk mədəni irsinin çoxdilli Kataloqunu çapa hazırlanması, Beşinci Dünya Köçəri Oyunlarına dəstək verilməsi, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY və Türk Akademiyası kimi təşkilatlarla əməkdaşlıqda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda beynəlxalq konfransın keçirilməsi, UNESCO ilə əlaqəli Türk ölkələrinin qeyri-maddi mədəni irsinin çoxmillətli nominasiya layihələrinin koordinasiyasına başlanması, Türkiyənin İstanbul şəhərində və Qazaxıstanın Tanbalı və Kulan bölgələrində türk mədəni irsininin darə edilməsi üzrə təhsil proqramlarının həyata keçirilməsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidməti ilə birgə Azərbaycanın ayrılmaz parçası olan tarixi Qarabağ bölgəsinin Füzuli şəhərində yerləşən 18-ci əsrə aid Qoçəhmədli məscidinin bərpası yönündə hazırlıq işlərinə başlanılması, «Türk dünyasının görkəmli şəxsiyyətləri», «Türk dünyasının ədəbi inciləri», «Türk dünyasının elmi inciləri», adlı yeni kitab seriyalarından indiyədək 18 kitabın nəşr edilməsi, YouTube-da yerləşdirilən TurkDiscovery kanalının fəaliyyəti, Parisdə - UNESCO-nun mənzil qərargahında Türk dünyasının və ümumilikdə dünya mədəniyyət irsinin qiymətli incisi olan «Divani-lüğat at-türk»ün 950 illiyinə həsr olunmuş genişmiqyaslı sərgi və beynəlxalq konfransın keçirilməsi kimi tədbirləri sadalayan Aktotı Raimkulova ötən ilin noyabrda Qırğızıstanın Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 11-ci Zirvə Toplantısında Fondun fəaliyyəti və əldə etdiyi uğurların yüksək qiymətləndirildiyini də bildirdi.

Xanım Raimkulova qeyd etdi ki, təqdim etdikləri «Türkdilli Ölkələrin Milli Musiqi Alətləri» kitabı Fondun növbəti genişmiqyaslı layihəsidir, bu layihənin həyata keçirilməsinə 2023-cü ildə başlanılıb və keçən il Fondun tam dəstəyi ilə nəşr işıq üzü görüb. O, bu münasibətlə əməyi keçən hər kəsə, xüsusilə də Fondun birinci prezidenti və layihə rəhbəri, millət vəkili Günay Əfəndiyevaya, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, professor Fərhad Bədəlbəyliyə və Akademiyanın bütün kollektivinə dərin təşəkkürümü bildirdi. Eləcə də, Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı Muzeyində təqdimatın keçirilməsində dəstək göstərən görkəmli elm xadimi, Milli məclisin sədr müavini, akademik Rafael Hüseynova dərindən minnətdarlıq hisslərini ifadə etdi.

Milli Məclisin deputatı Günay Əfəndiyeva çıxışını 2 il öncəki xatirələrlə başladı. O vaxt Fondla Akademiya arasında memorandum imzalanmışdı. Fərhad Bədəlbəyli ilə tərəfdaşlıqdan məmnunluq duyduğunu qeyd edən natiq ortaq türk mədəniyyətinin təməlində məhz musiqinin dayandığını vurğuladı.

Избранный
39
publika.az

1Источники