Hər ilin yayında və hər ilin mayında "Neftçi" üçün tarix təkrarlanır. Yeni mövsüm ərəfəsində qızıl medallar, Çempionlar Liqası, Avropanın fəthini söz verən klub rəhbərliyi yazın sonunda azarkeşlərin qarşısına boynu bükük, əli ətəyindən uzun çıxır. Bir-iki istisnaları, o cümlədə 13 ildə 1 çemponluğu çıxmaq şərtilə. 

"Neftçi"ni idarə edənlər bu mövsüm də "əhd"lərinə sadiq qalırlar. Növbəti fiaskoya doğru inamlı addımlar atılmaqdadır. 

"Ağ-qaralar"ın bu gün Misli Premyer Liqasında "Kəpəz" lə oyununu izləyən fanatlar yəqin ki, uzun müddət bu rüsvayçılığın təsirindən çıxa bilməyəcəklər. Komandanın büdcəsinə görə bəlkə 10 dəfə çox üstələdiyi, didərgin, illərdir sponsor axtarıb, tapa bilməməkdən yorulan, heyətində Malta, Tacikstan, Burkino Fasodan olan heç kimin tanımadığı futbolçuların yer aldığı "Kəpəz"in qarşısında acizliyin səbəbi nə idi? Niyə azarkeşlərin əsəblərini korlayır, "ağ-qara" rənglərə könül verənlərdə nifrət yaradırsınız?

Premyer Liqadan düşməmək üçün ölüm-dirim mübarizəsi aparan "Kəpəz"ə məğlubiyyətə nə ad vermək olar? Bugünkü oyunun yalnız bir adı var: utanc, rəzalət, naşılıq! Bu bənzətmə sanki klub rəhbərliyinin də boyuna ölçülüb: baş icraçı direktor Cenk Sümer, idman üzrə müşavir Kamil Məmmədov, futbol komandaları və əməliyyatları üzrə direktor Zaur Əzizov - bu, sizin bərbad idarəçiliyinizin acı nəticəsidir.

Baş məşqçidən, futbolçulardan çox danışmağa dəyməz. Əsində, oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Samir Abasovun komandanın 20 yaşlı hücumçusu Ağadadaş Salyanskini günahlandırmasını, onun adını yalan olmasa, 8 dəfə çəkməsini, ondan "günah keçisi" düzəltməsini heç cür anlamaq olmur. Əgər bu gün Ağadadaş günahkardırsa, tənqidə onun rəqabətdə üstələyib ehtiyatda oturtduğu, yığmanın üzvü Ramil Şeydiyevdən, habelə Emin Mahmudovdan və digərlərindən başlamaq lazımdır. Salyanski zəif çıxış edirsə, bəs onda Şeydayev nə gündədir? Heyətə məsuliyyətsiz futbolçuları yığan, komandanı "qaynar qazan"a çevirən, ab-havanı korlayan, milyonları göyə sovuran və ən əsası uğursuzluqlara birbaşa məsuliyyət daşıyan "Neftçi"nin rəhbərliyidir. Komandanı məhvə aparan rəhbərlik...