RU

QHT sədri: "Xəzər dənizinin ekoloji vəziyyəti olduqca gərgindir"

"Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında Xəzər dənizinin ekoloji vəziyyəti ilə bağlı ciddi problemlərin mövcud olduğunu bildirib.

QHT sədri qeyd edib ki, Xəzər dənizi 370 min kvadrat kilometr sahəyə malik olub, dünyada ən böyük göl kimi tanınır, dənizə 130-a yaxın çay axır və onun şimal və cənub hissələri arasında ciddi fərqlər var:

“Şimal hissədə su az duzludur və dərinliyi 5 metrdən çox deyil, cənub hissədə isə suyun duzluluğu daha yüksəkdir və dərinliyi 1025 metrə çatır. Son illər ərzində Xəzər dənizinin səviyyəsində nəzərəçarpacaq eniş müşahidə olunub. 2005-2023-cü illər arasında dənizin səviyyəsi 185 sm azalaraq 31 min kvadrat kilometr su sahəsinin itirilməsinə səbəb olub. Ekspertlərin proqnozuna əsasən, 2100-cü ilə qədər bu eniş 18 metrə çata bilər. Xüsusilə, Xəzərin ən uzun sahil xəttinə malik Qazaxıstan ərazisində son 15 ildə su sahəsi 7,1% azalıb”.

İradə Həsənovanın sözlərinə görə, dənizin ekoloji vəziyyəti hazırda olduqca gərgindir və bəzi ərazilərdə "ölü zonalar" formalaşıb:

“Çirklənmənin əsas mənbələri:

  1. Xəzərə axan çaylarla daxil olan çirkləndiricilər
  2. Sahil zonalarından və sənaye obyektlərindən axıdılan tullantılar
  3. Dənizdə neft hasilatı ilə bağlı çirklənmə
  4. Su altında qalmış mənbələrdən axan tullantılar

Statistikaya görə, hər il Xəzərə 75 min ton neft məhsulları daxil olur ki, bunun 60%-i Volqa çayının payına düşür. Həmçinin, Tbilisi şəhərindən Kür çayına hər gün 400-450 kubmetr təmizlənməmiş sənaye və məişət tullantıları axıdılır. Ümumilikdə isə Xəzərə hər il 45 kub kilometr çirkab su axıdılır ki, bu da dənizin şoranlaşmasına və fauna-floranın məhvinə səbəb olur”.

 

Pərvanə Fərhadqızı

QHT.az

Избранный
57
qht.az

1Источники