Avropa Liqasında uğursuzluğa düçar olan, Türkiyə Superliqasında isə əzəli rəqibi "Fənərbağça" ilə mübarizədə çətinliklər yaşayan "Qalatasaray" böhran içindədir.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son vaxtlar zəif təsir bağışlayan "Cim Bom"un problemlərinin, komanda daxilində ab-hava korlanmasının səbəbi müəyyənləşib.
Kollektivdəki ən böyük narazılıq rəhbərliyin vədini yetirməməsindən sonra yaranıb. Belə ki, "Qalatasaray" carı mövsüm Superliqada 20 qələbə qazansa da, futbolçulara cəmi 1 dəfə pul müküfatı verilib. Bu, 3 həftə öncə "Rizespor"la səfər qalibiyyətindən sonra yaşanıb.
Digər hallarda klubu idarə edənlər oyunçuların qarşısında sözlərini tutmayıblar. Hətta "Fənərbağça" ilə oyun ötən ay gerçəkləşən İstanbul derbisindən əvvəl komandaya konkret pul mükafatı vəd olunmayıb. Bu durum kollektiv daxilində fikirayrılıqları yaradıb, əksər futbolçuları narazı salıb.
"Qalatasaray"ın üzvlərini ən çox qıcıqlandıran məqam isə "Fənərbağça"da həftəlik pul mükafatı mexanizmini ideal işləməsidir. Rəhbərliklə anlaşılmazlığın "Cim Bim"un oyununa daha pis təsir göstərəcəyi gözlənilir.