RU

Almaniyada əhalinin 70 faizindən çoxu Birlik və SPD-nin milyardlarla avroluq planını dəstəkləyir

Berlin, 6 mart, AZƏRTAC

Almaniyada aparılan rəy sorğusunda əhalinin böyük əksəriyyəti koalisiya müzakirələri aparan Xristian Birlik ittifaqının (CDU/CSU) və Sosial Demokrat Partiyasının (SPD) müdafiə və infrastruktur sahələrinə investisiya qoymaq üçün daha çox borclanmaya icazə verilməsi planını düzgün hesab edib.

AZƏRTAC “Tagesspiegel” qəzetinə istinadla xəbər verir ki, Birlik və SPD-nin milyardlarla avroluq maliyyə paketi planları əhali arasında geniş dəstək qazanıb. Belə ki, rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 76 faizi gələcək illərdə yeni kreditlər hesabına infrastruktur sahəsinə 500 milyard avro investisiya qoyulmasını doğru qərar kimi qiymətləndirib, 19 faiz isə buna qarşı çıxıb.

Borc məhdudiyyətinin dəyişdirilərək müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasına icazə verilməsi ilə bağlı planı respondentlərin 71 faizi dəstəkləyib, 24 faizi əleyhinə olduğunu açıqlayıb.

Qeyd edək ki, koalisiya müzakirələrində CDU/CSU və SPD ümumi daxili məhsulun 1 faizindən çoxunu əhatə edən müdafiə xərcləri üçün Konstitusiyada borc məhdudiyyətinin yumşaldılması barədə razılığa gəlib. Bundan əlavə, infrastrukturun bərpası üçün 500 milyard avroluq xüsusi fondun yaradılması planlaşdırılır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
21
azertag.az

1Источники