RU

Alimlər: Fil və begemot sümüklərindən hazırlanmış alətlər insan əcdadlarının ixtiraçı bacarığını göstərir

Bakı, 6 mart, AZƏRTAC

Alimlər milyon il əvvəl yaşamış insan əcdadlarının məişətini müəyyən etmək istiamətində mühüm kəşfə imza atıblar.

Tanzaniyada tapılan və təxminən 1,5 milyon il əvvəl fillərin və begemotların ayaq sümüklərindən düzəldilmiş alətlər toplusu alimlərin insanın təkamül nəsli üçün texnoloji sıçrayış adlandırdıqları amili - daşdan başqa materialdan hazırlanmış alətlərin sistematik istehsalını ortaya qoyur.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, tədqiqatçılara görə, Olduvai dərəsi adlanan zəngin paleoantropoloji sahədə aşkar edilən 27 alət, ehtimal ki, Homo sapiens növünə bənzər bədən nisbətlərinə malik erkən insan növü olan Homo erectus tərəfindən düzəldilib. Onlar bildiriblər ki, uzunluğu 37,5 santimetrə qədər olan və müxtəlif iti, ağır formalarda alətlər heyvan cəsədlərinin yemək üçün kəsilməsi də daxil olmaqla ayrı-ayrı məqsədlər üçün istifadə edilmiş ola bilər.

Alimlər əlavə ediblər ki, ən qədim məlum daş alətlər azı 3,3 milyon il əvvələ aiddir. Təxminən 2 milyon il əvvələ aid sümüklərdən hazırlanmış alətlərdən arabir istifadə nümunələri var, lakin Olduvai dərəsinin kəşfi bu cür alətlərin sistematik istehsalının ən erkən nümunəsidir və təxminən 1,1 milyon il tarixə malikdir. Sümük alətləri eyni vaxtda hazırlanmış müxtəlif daş alətlərlə yanaşı tapılıb.

İnsan əcdadlarının alət dəstinə sümük alətlərinin əlavə edilməsi, tədqiqatçıların fikrincə, idrak tərəqqisini və artan texnoloji bacarıqları əks etdirən, həmçinin heyvanların təkcə ət deyil, həm də xammal mənbəyi təmin edə biləcəyinin etirafı olan mühüm məqam idi.

İspan Milli Tədqiqat Şurasının (CSIC) arxeoloqu İqnasio de la Torre çərşənbə günü “Nature” jurnalında dərc olunan məqaləsində qeyd edib: “Dəqiq anatomik bilik, həmçinin sümük morfologiyası və quruluşunu başa düşmək qalın ətraf sümüklərinə üstünlük verməklə nəticələnib”.

Olduvai dərəsi Tanzaniyanın şimalındakı Serengeti bölgəsinin cənub-şərqində yerləşir. Bu alətlər yaradılan zaman əcdadlarımız vəhşi təbiətlə dolu bir mənzərədə təhlükəli bir ovçu-toplayıcı həyat tərzi sürüblər. Müxtəlif növ alətlər - məsələn, kəsmək və döymək üçün vasitələr hominin (insanın təkamül dövründə bir nəsli) üçün böyük əhəmiyyət kəsb edirdi.

Избранный
27
azertag.az

1Источники