Kanada hökuməti ABŞ-nin ölkədən idxal edilən mallara 25 faiz gömrük rüsumu tətbiq etməsi qərarını Dünya Ticarət Təşkilatına (DTT) şikayət edib.
Far.Az xəbər verir ki, DTT-nin açıqlamasına görə, Kanada ABŞ-nin Kanada mənşəli mallara tətbiq etdiyi yeni tarif tədbirləri ilə bağlı rəsmi mübahisə məsləhətləşməsi üçün təşkilata müraciət edib.
Məlumatda bildirilir ki, Kanada ABŞ-nin ölkədən idxal etdiyi mallara 25 faiz, enerji resurslarına isə 10 faiz gömrük rüsumu tətbiq etməsinin 1994-cü il Tariflər və Ticarət üzrə Ümumi Sazişinə və DTT-nin Ticarətin Asanlaşdırılması Sazişinin müxtəlif müddəalarına zidd olduğunu iddia edir.
Kanadanın bu rəsmi şikayəti 5 mart tarixində DTT üzvlərinə təqdim edilib.