RU

Dövlət Elmi Tibb Kitabxanasının fəaliyyətə başlamasının 85-ci il dönümü ilə əlaqədar sərgi açılıb

Bakı, 6 mart, AZƏRTAC

Milli Kitabxanada Respublika Dövlət Elmi Tibb Kitabxanasının fəaliyyətə başlamasının 85-ci il dönümü ilə əlaqədar “Respublika Dövlət Elmi Tibb Kitabxanası – 85” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə kitabxana işi haqqında rəsmi sənədlər, Azərbaycanda kitabxana işinin tarixi, Azərbaycan Dövlət Respublika Elmi Tibb Kitabxanasının fəaliyyəti, nəşrləri, Azərbaycan Respublikasında tibb elminə və səhiyyə müəssisələrinə kitabxana-informasiya xidmətinin təşkili haqqında kitablar, müstəqillik illərində Respublika Tibb Kitabxanasının fəaliyyəti və informasiyalaşma problemləri, vəzifələri, oxucularla işin spesifik xüsusiyyətləri və s. mövzularda elmi məqalələr nümayiş olunur.

Qeyd edək ki, Respublika Dövlət Elmi Tibb Kitabxanası tipoloji baxımdan xüsusi elmi kitabxanadır. Kitabxana Azərbaycan SSR Xalq Komissarları Soveti tərəfindən 1939-cu il yanvarın 29-da yaradılıb. 1940-cı martın 9-da isə fəaliyyətə başlayıb.

Kitabxana səhiyyə orqanlarını, elmi-tədqiqat və müalicə-profilaktika müəssisələrini eləcə də xalqın sağlamlıq problemləri ilə məşğul olan alim və mütəxəssisləri kitabxana-biblioqrafiya və informasiya xidməti ilə təmin edir.

Избранный
17
1
azertag.az

2Источники