RU

Politico: Tramp Aİ-ni parçalamağa və onu öz istəyinə uyğun qurmağa çalışır

Bakı, 6 mart, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqını (Aİ) parçalamaq və onu yenidən elə qurmaq istəyir ki, orada milli hökumətlər Avropa institutlarından daha böyük rol oynasın.

AZƏRTAC xəbər verir ki, bu barədə iddia “Politico” nəşrinin məqaləsində yer alıb.

“Donald Tramp ilk səlahiyyət müddətində başlatdığı ticarət müharibəsi ilə Avropa İttifaqının zəif yerini tapmağa çalışsa da, buna nail ola bilmədi. Lakin indi Ukraynaya yardımı dayandırmaqla Brüsselin daha həssas yerini - təhlükəsizlik böhranını kəşf etdi”, - deyə məqalədə bildirilir.

Jurnalistlər, həmçinin Trampın andiçmə mərasiminə Avropadan yalnız İtaliyanın sağçı “İtaliyanın qardaşları” partiyasını təmsil edən Baş nazir Ciorcia Meloninin və Macarıstanın hökumət başçısı Viktor Orbanın dəvət edildiyinə diqqət çəkib. Məqalədə, eyni zamanda, qeyd olunur ki, Donald Tramp administrasiyasının rəsmiləri Avropa qurumları ilə əlaqə qurmaqdan çəkinir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallasın Vaşinqtona gəlməsinə baxmayaraq, onun ABŞ Dövlət katibi Marko Rubio ilə görüşü ləğv edilib.

“Siqnal aydındır – Donald Tramp Avropa İttifaqını kənarda saxlamaq və milli liderlərlə birlikdə “parçala və hökm sür” siyasəti yürütmək istəyir. Bu, onun ilk prezidentlik dövründə başlatdığı ticarət müharibəsi zamanı, Avropanın ona qarşı çıxmaq üçün birləşdiyi dövrdə mümkün deyildi. İndi isə Ukraynadakı müharibə ilə bağlı fikir ayrılıqları Aİ-nin birliyi barədə suallar doğurur”, - deyə nəşr yazır.

Bu ərəfədə Fransa və Böyük Britaniya liderləri ABŞ-ın Ukrayna siyasətindəki dəyişikliyə ümum-Avropa yanaşması tapmağa çalışır. Buna baxmayaraq, Avropa İttifaqı Trampın Ukrayna məsələsi ətrafında yaratdığı miqyaslı fırtınaya cavab vermək üçün son dərəcə parçalanmış görünür.

Избранный
10
azertag.az

1Источники