Fransanın kəşfiyyat xidmətləri Ukraynaya kəşfiyyat məlumatları ötürməyə davam edir.
AZƏRTAC xəbər verir ki, Fransanın müdafiə naziri Sebastyan Lekornyu bu barədə “France Inter” radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ-dan asılı olan Böyük Britaniyadan fərqli olaraq, Fransa kəşfiyyatı müstəqildir. “Bizim Ukraynaya ötürdüyümüz kəşfiyyat məlumatlarını əldə etmək üçün yollarımız var”, - deyə Sebastyan Lekornyu bildirib.
Nazir, həmçinin Vaşinqtonun Kiyevi kəşfiyyat məlumatları ilə təmin etməyi dayandırdığını da təsdiqləyib. O, eyni zamanda, ABŞ-ın Ukraynaya dəstəyinin Donald Tramp tərəfindən kəsilməsini kompensasiya etmək üçün Fransa Prezidenti Emmanuel Makrondan yardım paketlərinin hazırlanması prosesini sürətləndirməyi xahiş etdiyini vurğulayıb.